Yeni növ koronavirusla mübarizədə istifadə olunan bəzi dərmanlar Azərbaycandakı apteklərdə çətinliklə tapılır. Şikayətlərə görə, "əlaltından" tapılanda da onları real qiymətlərindən çox baha almaq mümkün olur...
Bu barədə AzadlıqRadiosuna adlarının çəkilməsini istəməyən bir neçə şikayətçi də danışıb. Onun sözlərinə görə, koronavirusa yoluxan şəxsin 15 günlük müalicəsi minimum 400-500 manat başa gəlir.
Buna da bax: Koronaviruslu xəstələrin xəstəxanalara yerləşdirilməsində problem varmı?"Bəzi dərman preparatlarına tələbat çox yüksək olur…"
Bakıda yerləşən bir neçə apteklərdə də şikayətçinin sözlərini qismən təsdiqlədilər. "Bəzi dərman preparatlarına tələbat çox yüksək olur ki, müraciət edənlərin hamısına çatmır. Firmalardan hər gün dərman gətirmirlər deyə, hərdən "yoxdur" deməli oluruq. Tələbat çox yüksəkdir", - apteklərdən birində vurğuladılar.
Amma bahalaşma ilə bağlı şikayətləri onlar düzgün saymırlar.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, apteklərdə dərmanların çatışmazlığı ilə bağlı məlumatı yoxdur:
"Xəstə olmaya-olmaya dərmanları alıb yığır evə"
"Açığı, bilmirəm, doğrudan da belədir ya yox. Camaat təşvişə düşüb, üstəlik də, xəstə olmaya-olmaya dərmanları alıb yığır evə. Sanki aptekdən hər şeyi almaq istəyirlər. Koronavirus virus mənşəlidir və getdikcə mutasiya edir. İnsanların aldığı bəzi dərmanlar müalicə zamanı lazım deyil".
Deputat paytaxtda koronavirusla mübarizədə istifadə edilən dərmanların tamamilə olmadığını düşünmür: "...Çeşidlər çoxdur. Dərmanlar da elə dərmanlar deyil ki, tapmaq mümkün olmasın. Amma yenə də məsələ ilə bağlı hər hansı şikayətlər varsa, aidiyyəti qurumlar həmin məsələ ilə maraqlanmalıdır. Həmin qurumlar apteklərdə monitorinq edə bilərlər".
Buna da bax: 'Ürəyi sıxıldığı üçün' evdən çıxan koronavirus xəstələri. Onlar cəzalanırmı?M.İbrahimqızının vurğulanmasına görə, elə dərmanlar var ki, onu xəstəyə vermək məsləhətli deyil:
"Bunu təşvişlə qarşılamaq lazım deyil..."
"Lakin adamlar yenə də həmin dərmanları alır, evə doldurur. Bütün dünyada bu xəstəlik gözlənilmədən peyda olub, hətta ən zəngin ölkələr buna hazır deyildi. Ona görə müəyyən xırda problem yaşanır. Dərman bu gün yoxdursa, sabah mütləq olacaq. Mənə elə gəlir ki, bunu təşvişlə qarşılamaq lazım deyil, amma yenə də hər ehtimala qarşı müvafiq qurumlar apteklərdə monitorinq etsələr, yaxşı olar".
Tibb elmləri doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, koronavirusa yoluxmuş insanların sayı həddindən artıq çoxdur:
"İnsanlar panikadadır, xəstəxanalarda yer yoxdur"
"Üstəlik də, insanlar panikadadır, xəstəxanalarda yer yoxdur. Əvvəllər virusa inanmayanlar artıq görürlər ki, qonşuda, qohumda xəstəlikdən ağırlaşıb dünyasını dəyişənlər var. Bundan əlavə, görürsən ki, ordan-burdan reseptlər əllərdə gəzir. Bəlkə də bu reseptlərdə müəyyən dərmanları xüsusi yazıb ötürüblər ki, həmin dərmanlar satılsın".
Professorun sözlərinə görə, Azərbaycanda ilk dövrlər koronavirusa aidiyyəti olmayan bəzi dərmanlar bu xəstəliyin müalicəsi üçün satılıb:
Buna da bax: Maska taxmayan, məsafə saxlamayan adam görəndə necə davranırsız?"Çıxıb izahat da verən yoxdur..."
"Çıxıb izahat da verən yoxdur ki, ay camaat, bu dərmanları alıb boş-boş işlətməyin, boş-boşuna orqanizmi zəhərləməyin. Bu pandemiya qurtaracaq, amma bundan sonra insanların aldığı bu dərmanlarının yan təsirləri qurtarmayacaq. Ona görə, hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar çıxıb izahat verməlidirlər, camaatın arasında maariflənmə işi aparmalıdırlar. Vəziyyət çox ciddidir və mən burada sabotaj elementlərini görürəm".
Həkim qeyd edib ki, Azərbaycanda dərman idxalı ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti gec-tez yaranmış vəziyyətə görə cavab verəcəklər:
Sizin brauzer HTML5-i dəstəkləmir
"Bu, biabırçılıq deyilmi?"
"Onlar bu vəziyyətdən sui-istifadə etdilər. Əvvəla, onlar buna cavabdehdirlərsə, niyə bu dərmanların təchizatını lazımi səviyyədə təmin etmirlər? Bunun monopoliyası bunların əlindədir axı və məsuliyyət onların çiynindədir. Bu qıtlığı yaradaraq bundan varlanmaq, müxtəlif korporativ maraqlarını təmin etmək məsuliyyət yaradır və bunu edən adamlar sorumludurlar. Çıxsınlar izahat versinlər, niyə dərmanın bir növünün bir ampulası 50 manatadır, digər növünün bir tabletkası 10 manata? Kim məqsədli şəkildə yaradır bu bahalığı? Bu, biabırçılıq deyilmi?".
Buna da bax: Qrip də koronavirus kimi təhlükəlidi, amma Azərbaycanda çox adam peyvənd etdirmirSəhiyyə Nazirliyi nə deyir
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə "Turan" agentliyinə bildirilib ki, apteklərin dərmanla təchizatı onların səlahiyyətində deyil. "Səhiyyə Nazirliyi aptekləri dərmanlarla təchiz etmir deyə, apteklərdə dərman qıtlığı olub-olmadığını deyə bilmərik", - qurumdan qeyd olunub.
Azərbaycanda dərman idxalı və satışı ilə məşğul olan şirkətlərdən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
İndiyədək Azərbaycanda isə ümumilikdə 149765 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onlardan 1675 nəfərin vəfat etdiyi açıqlanıb.
Rəsmi qurumların bildirməsinə görə də, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Şikayətlərə görə, belə xəstələrin sayı artmaqdadır. Amma bununla bağlı rəsmi qurumlardan dəqiqləşdirmə aparmaq mümkün olmayıb.