Bu gün, dekabrın 9-da Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Səbail rayon Məhkəməsindən məlumat verilib. Məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
İttihamlara, hələlik, N.Zeynalov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.
N.Zeynalova Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə - təkrar törədildikdə), 179.2.3 (-öz qulluq mövqeyindən istifadə etməklə), 179.2.4 (-xeyli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (Külli miqdarda rüşvət alma), 311.3.2 (Təkrar rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Cəlilabadın icra başçısı işdən çıxarıldı
Namiq Rəsul oğlu Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə dekabrın 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.
Cəlilabad RİH-də əməliyyat keçirildiyi deyilir
Dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirdiyi bildirilir.
Bu barədə yerli saytlar məlumat verib. Amma bu məlumata rayon icra hakimiyyəti və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.
AzadlıqRadiosuna adının çəkilməsini istəməyən bir rayon sakini isə deyib ki, hazırda rayon icra hakimiyyətinin ətrafında çoxsaylı avtomobillər dayanıb. Onun vurğulamasına görə, rayonda danışırlar ki, saxlananlar var: "Yəqin, yaxın saatlarda saxlananların kimlikləri məlum olar. Amma əməliyyat getməsi doğru xəbərdir".
Cəlilabad rayonunun icra hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.
Son illər ölkənin bir çox rayonlarındakı icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirilib. Azı 5-dən çox icra başçısı mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər.