Zəfər Günü haqqında fərqli yozumlar...

Sizin brauzer HTML5-i dəstəkləmir

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı

Azərbaycanda Zəfər Günü noyabrın 8-nə keçirilib. Bununla bağlı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bir gün əvvəl, dekabrın 2-də prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda Zəfər Günü hər il noyabrın 10-u qeyd olunmalıydı.

Bu məsələ sosial şəbəkələrdə də qızğın müzakirə edilirdi. Bəzilərinə görə, "əgər Zəfər Günü seçilməliydisə, bu, noyabrın 8-i, Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün olmalı idi". Elə dəyişiklik də həmin gün Şuşanın işğaldan azad edilməsi və noyabrın 10-unun Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə təsadüf etməsi ilə izah olunur.

Buna da bax: 'Onlara nə ödənilsə belə azdır'

Deputat Məlahət İbrahimqızı hesab edir ki, 44 günlük savaşdan sonra noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Azərbaycanın tam qələbəsidir. O, "Turan" agentliyinə bildirib ki, Azərbaycanın iki min illik tarixində belə bir möhtəşəm günü olmayıb:

"Bu, möhtəşəm bir tarixi hadisədir"

"Bu, möhtəşəm bir tarixi hadisədir və Azərbaycan xalqı bunun şahididir. Bu, Azərbaycan xalqına həqiqətən də şərəf gətirən bir tarixdir. Dünya tarixində belə bir hadisə olmayıb ki, ölkənin torpaqları işğal olunsun və 30 ildən sonra belə bir sürətlə, qısa müddətdə azad olunsun. Həmin ərazilərdən çıxarılan məcburi köçkünlərin hər kəndi azad olundu. Bu 44 günün hər günü şanlı bir səhifədir və yekun olaraq noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzaladı. Bu, Zəfər Günü kimi tarixə yazıldı və gələcəkdə də həmin gün yüksək səviyyədə qeyd olunacaq".

M.İbrahimqızı

M.İbrahimqızı Xocalı, Xocavənd rayonları və Xankəndi şəhəri ilə bağlı məsələyə də toxunub. Deputat bildirib ki, onların hamısı Azərbaycanın ərazisindədir:

"Bizim ərazi bütövlüyümüz bərpa olundu"

"Bizim ərazi bütövlüyümüz bərpa olundu. Düzdür, Dağlıq Qarabağ işğal olunandan sonra ərazidə qanunsuz məskunlaşma da olub, amma işğaldan əvvəl orada Azərbaycan vətəndaşı olan ermənilər də yaşayırdı. Həmin əraziləri azərbaycanlılar tərk edib, oradan çıxarılıb. Onların əvəzinə Dağlıq Qarabağ ərazısınə xaricdən, Ermənistanın özündən erməniləri gətirib orada məskunlaşdırırdılar. Onlar bu 30 il ərzində elə bilirdilər ki, Azərbaycan xalqı daha heç vaxt bu torpaqlara qayıtmayacaq. Nəyinki onlar, Azərbaycanda da bir qrup "ziyalılar" da "mümkün deyil, Azərbaycan xalqı döyüşə bilməz, Azərbaycan ordusu nə ordudur" deyərək millətimizi ləkələmək istəyirdilər".

Buna da bax: NYT: 'Putin Əliyevə ultimatim verib ki...'

Deputatın fikrincə, amma o insanlar düşünmürdülər ki, 70 il müddətində SSR-in dövründə yaşamış, assimilyasıya olunmağa doğru aparılan Azərbaycan xalqı 1990-cı il 20 Yanvar faciəsində əliyalın sovet ordusunun qarşısına çıxmışdı:

"Bizim erməniləri Xankəndidən qovmaq fikrimiz yoxdur"

"Bu müharibədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Xocavəndin, Xocalının bir hissəsində, Xankəndi şəhərində əvvəldən yaşayan ermənilər isə Azərbaycanın vətəndaşlarıdır".

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan xalqı şovinist xalq deyil. O əlavə edib ki, Azərbaycanda indi müxtəlif millətlər yaşayır: "Bu Vətən Müharibəsində bu millətlərin nümayəndələri şəhid oldu. Onların hər biri Azərbaycanın şərəfli vətəndaşıdır, qəhrəmanıdır. Bizim erməniləri Xankəndidən qovmaq fikrimiz yoxdur, Azərbaycan dövlət siyasətində də belə bir şey yoxdur. Onlar orada 200 ildir yaşayıblar. Amma həmin şəxslər Azərbaycan qanunlarına riayət etməyəcəklərsə, onlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək. Biz müharibə zamanı etnik təmizləmə aparmadıq. Bir zərrə qədər də beynəlxalq hüquq pozulmadı və biz həmin hüquq çərçivəsində öz ərazilərimizi işğalçılardan təmizlədik".

Ə.Oruclu

"Bu, çox ziddiyyətli məsələdir"

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, bu, çox ziddiyyətli məsələdir: "Dünya praktikasında Qələbə Günü ilə bağlı nümunələr var. Adətən, sülh müqaviləsi imzalanmalıdır. Noyabrın 10-da imzalanan həmin o üçtərəfli bəyanatı isə "sülh müqaviləsi" kimi adlandırmaq mümkün deyil. Ona görə ki, faktiki olaraq həmin sənəddə - buna əgər sənəd demək olarsa, -söhbət atəşkəsdən gedir, müharibənin bitməsindən getmir. Söhbət sülhməramlıların bölgəyə yerləşdirilməsindən gedir. Ümumiyyətlə, müharibə o zaman bitir ki, tərəflər masa arxasına əyləşirlər və hərtərəfli geniş bir müqavilə imzalayırlar".

Politoloqa görə, həmin müqavilədə müharibənin yaranma səbəbləri aradan qaldırılmalıdır:

"Bunu "qələbə" adlandırmaq çox çətindir"

"Ermənistan-Azərbaycan müharibəsinin səbəbi Ermənistanın Azərbaycana ərazi iddiaları olub. Söhbət həmin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən gedir. O, bu gün də de-fakto Rusiya və Ermənistan tərəflərinin nəzarətində qaldı. Rusiya ilə Ermənistanın hərbi, siyasi müttəfiq olduğunu nəzərə alsaq, bunu "qələbə" adlandırmaq çox çətindir".

Buna da bax: Deputat: 'Zəfəri hamılıqla qazanmışıq'

"Müharibəni yaradan səbəb aradan qalxmayıb"

Ə.Oruclu qeyd edib ki, müharibəni yaradan səbəb aradan qalxmayıb: "Ermənistan Azərbaycana ərazi iddialarından imtina etməyib. Azərbaycanın ərazi bütövlüyü, həmin o 1988-ci ildə ermənilərin pozduğu ərazi bütövlüyü bərpa olunmayıb. Digər tərəfdən, bunu "ordunun qələbəsi" adlandırmaq olar. Bəli, Azərbaycan ordusu üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirib. Hərbi baxımından bu, qələbə sayıla bilər. Amma biz Zəfər Günü ilə qələbədən danışırıqsa, burada, dediyim kimi, sülh müqaviləsi imzalanmalı idi. Burada həmin o müharibəni yaradan səbəblərin aradan qaldırılması lazımdır. Bu baxımından mən hesab eləmirəm ki, həmin o məlum bəyanatın imzalanması qələbə kimi qeyd oluna bilər".

Onun vurğulamasına görə, heç dünya təcrübəsində belə bir şey yoxdur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident Laçın şəhərinin taleyinə aydınlıq gətirdi

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan rəsmiləri bildirirlər ki, noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər 300 civarında yaşayış məntəqəsini, o cümlədən dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad ediblər.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.