'Hər keçən gün günahsız insanın daha çox həbsdə qalması deməkdir'

R.Nağıyev Orduya dəstək yürüşündə

İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilmiş Orduya dəstək yürüşü ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunanlardan 21-i ev dustaqlığına buraxılsa da, 15 nəfər hələ də həbsdədir.

Noyabrın 17-də 21 nəfər ev dustaqlığına buraxılandan sonra qalan 15 nəfərin haqqında da həbs-qətimkan tədbirinin dəyişməsi üçün addım atıldığı bildirilir. Vəkillərdən birinin AzadlıqRadiosuna dediyinə görə, ötən həftə Səbail rayon Məhkəməsindən Vəkillər Kollegiyasına müraciət olunub ki, həbsdə qalan 15 nəfərdən öz vəkili olmayanlar dövlət hesabına müdafiəçi ilə təmin olunsun: "Bizim büroda da mənimlə yanaşı, daha bir neçə vəkili bu işə təyin elədilər. Bizə məlumat verildi ki, onların da ev dustaqlığına buraxılması üçün prokurorluq məhkəməyə vəsatət verib. Vəkillər təyin edildi, bizə dedilər ki, gözləyin. Hələ ki, heç bir xəbər yoxdur".

"Yoxdur belə sübut"

Orduya dəstək yürüşü ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunan 37 nəfərin işi (onlardan biri əvvəldən həbsdə deyil) sentyabrın sonunda baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Ağamalı Qafarovun icraatındadır. Noyabrın 17-də təqsirləndirilən şəxslərdən 21-nin ev dustaqlığına buraxılması haqda prokurorluğun vəsatətinə də A.Qafarov baxıb.

Buna da bax: N.Əhmədov: 'Nə terror var, nə də maliyyələşdirmə'

Bu iş üzrə bir dəfə - oktyabrın 27-nə məhkəmənin hazırlıq iclası təyin edilsə də, sonradan qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Məhkəmə prosesinin yubanması isə həbsdə olanların yaxınlarını narazı salıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin funksionerlərindən Ramid Nağıyevin atası Zəkrulla Nağıyev AzadlıqRadiosuna bildirib ki, məhkəmənin keçirilməməsi günahsız insanın daha çox həbsdə qalmasına xidmət edir: "Ramid Nağıyevə qarşı irəli sürülən ittihamların heç birinin ona aidiyyəti yoxdur. Əgər olsaydı, ortaya sübut qoyulardı. Yoxdur belə sübut. Hər keçən gün günahsız insanın bir gün də çox nahaqdan həbsdə qalması deməkdir. Bizdə də məlumat var ki, 21 nəfərdən sonra qalanların da ev dustaqlığına buraxılması üçün təqdimat verilib. Biz də gözləyirik".

"Görüş ümumiyyətlə yoxdur"

Z.Nağıyevin sözlərinə görə, Ramidin həbsindən sonra iki ay onun ailə üzvləri ilə görüş və telefon əlaqəsinə imkan verilməyib. Amma sonradan həftədə bir dəfə telefonla danışa bilirlər.

Buna da bax: AXCP-nin 12 fəalı azadlığa buraxıldı

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunun 19.7 maddəsində yazılıb ki, həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Onların həmçinin, həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var.

"Biz ancaq həftədə bir dəfə danışa bilirik. Görüş isə ümumiyyətlə yoxdur. Ayda iki dəfə sovqat aparırıq, onu götürürlər, görüşməyə qoymurlar. Deyirlər ki, hökm çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra görüşmək olar. Məhkəməni də keçirmirlər ki, orada da olsa, görək. Günahsız adamı nə qədər həbsdə saxlamaq olar?", - Z.Nağıyev belə deyir.

Səbail rayon Məhkəməsindən qalan 15 nəfərin ev dustaqlığına buraxılması, ümumiyyətlə, bu cinayət işi üzrə məhkəmə prosesinin nə vaxt keçiriləcəyi barədə AzadlıqRadiosunun sualına cavab verilməyib: "Biz bu barədə jurnalistlərə məlumat vermirik".

Xatırlatma

Bu il iyulun 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakda Orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb.

Buna da bax: Məhkəmələrdə audioyazıya niyə icazə verilmir

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü– M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.