Azərbaycanın İranla sərhədində, Astara gömrük-sərhəd keçid məntəqəsinin önündə yük maşınlarının böyük növbəsi müşahidə olunur.
Yük maşınları, əsasən, Bakı-Astara İpək Yolunda növbəyə durublar. Rusiyaya məxsus bir yük maşınının sürücüsü deyir ki, ilin bu vaxtında hara getsən, belə növbələrə rast gəlirsən:
"Nə səbəbə növbə yaranıb, bilmirik"
"Görürsünüz, növbəyə durmuş yük maşınlarının uzunluğu 3-4 kilometrə çatır. Dağıstandan gəlirik. İrandan yük aparırıq Rusiyanın müxtəlif yerlərinə. Rusiyada da yük maşınları çoxdur, iş isə azdır. Nə səbəbə növbə yaranıb, bilmirik. Maşın da çoxdur. Hər gün yük maşını gəlir. Elə maşınlar var ki, onların yükləri hələ gəlməyib. Maşınlar ləng gedir".
Rusiyaya məxsus yük maşınının sürücüsü əlavə edir ki, narahat deyillər: "Çünki belə hallara öyrəşmişik".
Astara gömrük-sərhəd keçid məntəqəsindən məsələni aydınlaşdırmaqdan ötrü verdiyimiz suallara cavab ala bilmədik.
Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən isə bunları bildirdilər: "Biz bilmirik orda nə var. Astara gömrüyündən öyrənin".
Hələlik, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə də danışmaq mümkün olmayıb.