Bu gün, noyabrın 13-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı proses başlayıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə avtomobilin sürücüsü Kamal Abdullayevin ifadəsi dinlənilib.
Sürücü ifadəsində...
O deyib ki, hadisədən dörd ay əvvəl icarəyə götürdüyü avtomobillə taksi xidmətinə başlayıb. Onun qeyd etməsinə görə, taksi xidmətləri göstərən üç şirkət ilə əməkdaşlıq edib. K.Abdullayev habelə bildirib ki, hadisənin baş verdiyi gün "Nizami" kinoteatrın qabağından iki müştəri götürüb, "Yanardağ" abidəsinə aparıb: "Sonra onları Bakıya qaytararaq Səməd Vurğunla Puşkin küçələrinin kəsişməsində düşürtdüm. Onları götürdüyüm yerə çatdırmalı olsam da, Nizami-131 ünvanında yerləşən uşaq bağçasından Səməddin Əsədov adlı digər müştərinin uşağını götürmək lazım olduğuna görə onları dediyim yerdə düşürtmüşəm. Mən bu uşağı hər gün bağçadan götürüb evə aparırdım".
Buna da bax: 'Oqtay bəy ayılıb soruşdu ki, 'Şirin, mənə nə olub?''Müştərinin yoldaşı Maya Əsədova prosesdə K.Abdullayevin sözlərini təsdiq edib: "Saat 17:20 radələrində mənə zəng vurub dedilər ki, Kənan olduğumuz yerə gəlir. Sonra isə həyat yoldaşım zəng vurub dedi ki, Kənan maşınla adam vurub və gələ bilməyəcək".
Oqtay Gülalıyevi görmədiyini deyib
K.Abdullayev ifadələrində qeyd edib ki, hadisə yerində yolu keçən Oqtay Gülalıyevi görməyib və avtomobilin sağ qanadı ilə onu vurub. Onun deməsinə görə, avtomobilinin sürəti isə saatda 15-20 kilometr olub: "Mən dərhal ona yardım göstərdim, maşına otuzdurdum. Oqtay Gülalıyev onu düşürtməyi xahiş etsə də, mən onu saat 18:10 radələrində xəstəxanaya çatdırdım".
Tıxac üzündən yubandığını deyir
Deməsinə görə, tıxaca görə yolda yubanıb: "Mən Oqtay Gülalıyevi həkimlərə təhvil verdim, sonra isə polis məni Nəsimi rayon Polis İdarəsinə gətirdi. Orada mən üç gün qaldım".
Hakim Azər Tağıyev isə qeyd edib ki, saxlanma polis protokolunda bir sutka göstərilib. K.Abdullayev isə cavab verib ki, onu evə buraxsalar da, sonra o yenidən polisə getməli olub.
Buna da bax: Oqtay Gülalıyevi vuran sürücü: 'Xəstəxanaya aparanda dedi ki, 'düşür məni''Həkimlərin ifadəsi
Kliniki Tibbi Mərkəzin Şüa diaqnostikası şöbəsinin müdiri Tamara Hacıyeva da ifadəsində bildirib ki, kompüter tomoqrafiyası kəllənin hər iki yarımkürəsində sümük çatlamasını qeyd edib, lakin beyinə qan sızması olmayıb.
Neyrocərrah Əmirəli Yusifov da deyib ki, müayinə kəllə sümüyünün çatlamasını müəyyən edib, ona görə də Gülalıyev reanimasiya şöbəsinə yerləşdirilib. Onun deməsinə görə, O.Gülalıyev həkimlərə evə getmək istədiyini deyib, həyat yoldaşına zəng vurub və vəziyyəti barədə məlumat verib.
Ə.Yusifovun əlavə etməsinə görə, O.Gülalıyevin yoldaşı xəstəxanaya gəlib: "Saat 21:00-da ikinci dəfə tomoqrafiyanın aparılması planlaşdırılmışdı. Əgər 5 mm-dən böyük qansızmanın dislokasiyası müəyyən edilsəydi, cərrahi əməliyyat keçirilərdi. Lakin O.Gülalıyevin həyat yoldaşının və bir neçə şəxsin israrı ilə onu "City Hospital"a aparıblar".
Oğlundan sual
O.Gülalıyevin oğlu Təbriz Gülalıyev "Atamın boynunda niyə korset yox idi? O, "City Hospital"a huşsuz vəziyyətində aparılıb" sualını səsləndirib. Həkim də deyib ki, onun boynunda xəsarət müəyyən edilməmişdi, huşsuz vəziyyəti ilə bağlı isə xəbəri yoxdur.
Buna da bax: Oqtay Gülalıyev: 'İstəyirlər ki, susum'Anestezioloq-reanimator Vaqif Rəhimov isə bildirib ki, O.Gülalıyevin baş nahiyəsində olan xəsarətlərin fəsadlarını aradan qaldırmaq üçün bütün lazım olan tədbirlər görülüb. Ona görə, müalicəni onların klinikasında davam etdirmək lazım idi.
Məhkəmə prosesi noyabrın 16-da davam etməlidir.
Xatırlatma
Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.
O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.
Bu günlərdə isə onun Bakıya gətirildiyi açıqlanıb.
O.Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.
Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.