Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general Əfqan Nağıyev və onunla birlikdə həbs olunan vəzifəli sərhədçilər barədə cinayət işi bir neçə yerə ayrılıb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, dörd nəfərin işi ayrılaraq Bakı Hərbi Məhkəməsinə göndərilib. Bunlar DSX-nın Sahil Mühafizəsinin polkovnikləri Nemət Pənahov və Müzəffər Namazovdur. Balıqçılıqla məşğul olan daha iki nəfər – Xalis Quliyev və Arif Abdullayev də onlarla birlikdə mühakimə olunacaq.
Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, bu işə Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmənin hazırlıq iclası isə noyabrın 24-nə təyin edilib.
Buna da bax: DTX, XİN-nin əməkdaşlarını belə yaxaladıBu iş üzrə həbs olunanlardan general Ə.Nağıyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirildi, o, ev dustaqlığına buraxıldı. Ə.Nağıyev barəsində cinayət işinə də xitam verildiyi haqda məlumat yayılıb. Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə AzadlıqRadiosuna açıqlamasında bu barədə deyilənləri təkzib edib. O bildirib ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin işləri hissə-hissə məhkəməyə göndərilir. General Ə.Nağıyevlə bağlı isə istintaq davam edir.
Xatırlatma
General Ə.Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri bu ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanmışdılar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.
Buna da bax: Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildiƏ.Nağıyev təqsirləndirilən şəxs qismində tanınıb, barəsində həbs qərarı veriləndən sonra prezident İlham Əliyev onu DSX-nın rəis müavini vəzifəsindən azad etmişdi.
Sahil Mühafizə Xidmətinin vəzifəliləri Xəzərdə balıq ovu ilə məşğul olmaq üçün balıqçılardan rüşvət almaqla suçlanırlar. İddia olunur ki, toplanan vəsait hər ayın sonunda Ə.Nağıyevə çatdırılır, o da pulun bir hissəsini onların arasında bölürdü.
Ə.Nağıyev və digər təqsirləndirilən şəxslərin bu ittihamlara münasibəti məlum deyil.