Uzun illər Şəmkir rayonunun icra başçısı, ondan sonra da kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev dövlət orqanlarına şikayətlərinə görə təzyiqə məruz qaldığını iddia edir. Bu barədə AzadlıqRadiosuna danışan anası Məlahət İsmayılova bildirib ki, 17 ildən çoxdur həbs cəzası çəkən oğlu üzləşdiyi haqsızlıqları dilə gətirdiyinə görə də cəzalandırılır. Onun sözlərinə görə, V.Əliyevin ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq kimi adi hüquqları da məhdudlaşdırılır.
"Mən hər gün haqsızlığı, zülmü, işgəncəni yaşamaqdayam. Girovluqda yaşadığımın fərqindəyəm...", – V.Əliyev dövlət orqanlarına məktubunda belə yazıb.
Buna da bax: 'O vaxt vəzifəsindən istifadə edib, bütün nəslimizi həbs elətdirdi'Övladından xəbər tuta bilmir
V.Əliyev ömürlük azadlıqdan məhrum edilən məhkumlar üçün nəzərdə tutulmuş Qobustandakı qapalı həbsxanada saxlanılır. M.İsmayılova deyir ki, oğluna orada da əziyyət verirlər: "Vüqar dövlət orqanlarına məktublar yazır ki, Aslan Aslanovun sifarişi ilə ona ömürlük həbs verdilər. Halbuki, Lamiyə Quliyeva hamının qarşısında məhkəmədə bildirdi ki, Ruslan Aslanovu ona təcavüz etdiyinə görə öldürüb. Vüqar da istəyir ki, işinə yenidən baxılsın. Həm də həbsxanada ona qarşı fiziki və psixoloji təzyiqlərlə bağlı şikayətlər edib, həbsxananın rəisini məhkəməyə verib. Buna görə indi ondan qisas alırlar".
39-yaşlı V.Əliyevin iki ay əvvəl övladı dünyaya gəlib. M.İsmayılova deyir ki, Vüqar ailəsi ilə əlaqə saxlayıb, övladından xəbər tuta bilmir: "Bunların sözü odur ki, biz istədiyimizi edək, başına oyun açaq, sən də sus...".
Buna da bax: Vəkil: 'Lamiyəni zorlayanın yanında silahlı şəxslər də olub'Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumlara münasibətdə hansısa məhdudlaşdırma qanun çərçivəsində həyata keçirilir: "Qobustanda saxlanılan məhkuma qarşı hansısa məhdudiyyət varsa, o, Penitensiar Xidmətə müraciət edə bilər, məsələ araşdırılar".
Xatırlatma
V.Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Şəmkirdə rayonun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə suçlanaraq cəzalandırılıb. V.Əliyev ömürlük, L.Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsi ilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə 2015-ci ilin fevralında azadlığa buraxılıb.
L.Quliyeva R.Aslanovu ona təcavüz etdiyinə görə öldürdüyünü deyirdi. Cinayət işinin materiallarında isə R.Aslanovun Vüqarın atasıyla icra hakimiyyəti arasındakı torpaq qalmaqalına görə qisas məqsədilə öldürüldüyü iddia olunurdu.
Hadisədən sonra V.Əliyevin valideynləri, xalası və başqa qohumları da həbs olunmuşdu.
A.Aslanov 1993-2005-ci illərdə Şəmkir rayonunun icra başçısı, ondan sonra 2013-cü ilə qədər kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. O, 2018-ci ildə 57 yaşında vəfat edib.