Müdafiə Sənayesi Nazirliyi: 'Ağır maliyyə durumumuzdan istifadə etdilər...'

Manat

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan ""Neftqazavtomat" Elmi İstehsalat Müəssisəsi" MMC ilə "AtaBank" arasında 1 milyonluq qalmaqal var. Müəssisə bankdan 800 min manat və 200 min manat olmaqla, iki dəfə kredit götürüb. Amma o pulları qaytara bilməyib. İndi də iddia edir ki, bank onun ağır vəziyyətindən sui- istifadə edib. Ona görə də sözügedən kredit müqavilələrinin ləğvi üçün məhkəmədə iddia qaldırıb.

Kreditlərin hər ikisinin ödəniş müddəti 1 il, illik faiz dərəcəsi isə 20 faiz olub.

Buna da bax: Ali Məhkəmə təsdiqlədi: gömrükdəki qanunsuzluğa görə sahibkar ziyana düşür

""Neftqazavtomat" Elmi İstehsalat Müəssisəsi tam dövlət müəssisəsidir, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kredit götürülən dövrdə müəssisənin maliyyə çətinlikləri vardı və bank bundan istifadə edərək kredit öhdəliklərinin icrasını əvvəlcədən mümkünsüz edən şərtlərlə müqavilə bağlayıb. Müəssisənin ağır maliyyə durumundan bankın da məlumatı olub, buna baxmayaraq, külli miqdarda pulu yüksək faizlə ayırıb", - məhkəməyə iddia ərizəsində belə yazılıb.

Cəmi 143 min manat ödənib

Nazirlik 1 milyonluq kreditlərə görə banka cəmi 143 min manat pul ödəyib. Bank da bunu cərimə borcu kimi hesablayıb.

Buna da bax: 'Adıma saxta kredit müqaviləsi tərtib ediblər'

"AtaBank" bu iddia ilə razılaşmır. Bankın nümayəndəsi Azər Məmmədov məhkəmədə deyib ki, qarşı tərəf öz təşəbbüsü ilə kredit götürüb, könüllü şəkildə müqavilələri bağlayıb. Hər iki kredit müqaviləsi 2017-ci ildə bağlanıb. Bu cür müqavilələrin etibarsız hesab edilib ləğv olunması üçün məhkəməyə iddia müddəti 1 ildir. Yəni, nazirlik iddia müddətini də ötürüb.

Bu mübahisəyə Bakı İnzibati-İqtisadi Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, oktyabrın 13-də də Ali Məhkəmədə baxılıb. Hər üç məhkəmə instansiyası "Neftqazavtomat"ın əleyhinə qərar verib.

1 milyonluq kreditlər 2017-ci ilin aprelində "Caspian Development Bank"dan götürülüb. Bu kreditlərin verilməsindən bir neçə gün sonra "Caspian Development Bank"ın "AtaBank"a qoşulduğu açıqlanıb. Ona görə də indi cavabdeh qismində "AtaBank" məhkəməyə verilib.

2020-ci ilin aprelində "AtaBank"ın da lisenziyası ləğv olunub.