Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovun oktyabrın 9-da Bakıda qaldığı evdə saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.
AXCP-dən bildirildiyinə görə, o, Ə.Kərimlinin ictimai əsaslarla çalışan mühafizəçisidir. Amma partiyadan əlavə ediblər ki, rəsmi saxlanma səbəbi onlara bəlli deyil.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AXCP-nin hazırda 10-a yaxın üzvü uzunmüddətli həbsdədir. 20 civarında cəbhəçi haqqında isə məhkəməyə qədər həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Onlar ən müxtəlif ittihamlarla üzləşsələr də, AXCP həbs edilən cəbhəçilərin siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb.
Amma rəsmilər ölkədə dinc siyasi fəaliyyətə görə insanların təqib olunmadığını vurğulayırlar.