Prezidentin şərtinə Azərbaycanda baxışlar

İ.Əliyev

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan açıqlayıb ki, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Cəbrayıl şəhərinin və bəzi kəndlərinin azad edilməsi ilə bağlı oktyabrın 4-də prezident İlham Əliyev xalqa müraciətində danışıqlara başlamaqla bağlı Ermənistan rəhbərliyinə ölkəsinin şərtini də bəyan edib. "Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə", - o qeyd edib.

Buna da bax: Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Prezident daha sonra da əlavə edib: "...Qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik".

Döyüşlər başlamazdan əvvəl isə Ermənistan rəhbərliyi Azərbaycana 7 şərt qoyduğunu açıqlamışdı. Ermənistan rəhbərliyi orada Azərbaycana işğal altında olan Dağlıq Qarabağla birbaşa danışıqlara başlamaq, münaqişənin müharibə yolu ilə həllindən imtina və başqa şərtlər irəli sürmüşdü.

Azərbaycan prezidenti xalqa müraciətində bu şərtlərin qəbul edilməsinin qeyri-mümkün olduğunu bəyan edib.

Bəs onun bu şərtləri Azərbaycanın özündə məqbul sayılırmı?

F.İbrahimli

Milli Məclisin sədr müavini Fəzail İbrahimli "Turan" agentliyinə bildirib ki, prezident İ.Əliyev oktyabrın 4-dəki çıxışı ilə bölgədə baş verən hadisələrin mahiyyətini dünyaya bir də anlatdı: "Bəyan etdi ki, biz işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istəyirik və edirik".

"Əgər Ermənistan müharibə istəmirsə..."

Onun fikrincə, əgər Ermənistan müharibə istəmirsə, prezidentin irəli sürdüyü şərtləri qəbul etməlidir: "İşğal edilmiş əraziləri tərk etməlidirlər. 30 il danışıqlar getdi, 30 il fürsət verildi, bütün dinc vasitələrdən istifadə edildi, nəticə olmadı...".

F.İbrahimliyə görə, görünən budur ki, Ermənistan tərəfi buna hazır deyil. O hesab edir ki, əgər Ermənistan tərəfi müharibə istəmirsə, deyilən şərtlərə əməl etməlidir və bundan o yana Azərbaycan xalqının işğal faktına dözmək fikri yoxdur.

Buna da bax: Qərb eksperti: 'Minsk qrupunun genişlənməsinə ehtiyac var'

Ermənistan ərazisindən Gəncə, Mingəçevir və cəbhə bölgəsindən uzaq başqa şəhərlərə raketlər atılması haqqında məlumatlara gəlincə, F.İbrahimli deyib ki, bu, Azərbaycana daha çox ziyan vurmaq xəttidir:

"Üçüncü tərəfi prosesə qoşmaq istəyirlər"

"Bu, cəzasızlığın nəticəsidir. Belə ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığına görə erməni tərəfə hər hansı sanksiya və s. tətbiq olunmadı".

Onun fikrincə, onlar Azərbaycanı Ermənistan ərazisinə atəş açmağa təhrik etməklə üçüncü tərəfi prosesə qoşmaq istəyirlər: "Amma Azərbaycan beynəlxalq hüquq normalarına kifayət qədər riayət edir və qanuni haqqı olan torpaqlarını işğaldan azad edir".

H.Hacızadə

"İndi dərhal yox"

Politoloq Hikmət Hacızadə isə AzadlıqRadiosuna bildirib ki, Ermənistan tərəfinin İ.Əliyevin bu şərtini qəbul etməsi hələ ki, inandırıcı görünmür. Onun fikrincə, indi hər halda təşəbbüs, enerji, uğur Azərbaycanın tərəfindədir: "Bu uğurlar davam etdikcə, gec-tez Ermənistan hansısa formada bu şərti qəbul edəcək. İndi dərhal yox...".

Ermənistan ərazisindən Gəncə, Mingəçevir və cəbhə bölgəsindən uzaq başqa şəhərlərə raketlər atılması haqqında məlumatları isə o belə dəyərləndirir: "Cəbhədə uğur qazana bilmir. Ona görə də ancaq dağıntı törədir...".

Politoloq deyir ki, dinc əhalinin yaşadığı şəhərlərin atəşə tutulması hərbi cinayətdir.

Buna da bax: Mingəçevirə 3 raket atılıb, yaralananlar var

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İ.Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib (Oktyabrın 4-də Azərbaycan prezidenti onlardan birinin, Cəbrayıl rayonun mərkəzinin azad edildiyini bəyan etdi). Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.