Onlayn dərs mümkün deyilsə, nə etməli?..

Sizin brauzer HTML5-i dəstəkləmir

Onlayn dərs

Sentyabrın 27-dən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər başlayıb. Bununla bağlı sentyabrın 28-dən bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib. Paytaxt Bakı da daxil olmaqla ölkənin bir sıra iri şəhərləri və rayonlarında komendant saatı tətbiq edilib.

Hərbi vəziyyət elan olunması ilə birgə, ölkədə internet də məhdudlaşdırılıb. Rəsmilər bunu təhlükəsizlik tədbiri kimi dəyərləndirirlər. COVID-19 pandemiyası ilə bağlı ötən tədris ilində martın 3-dən Azərbaycanda dərslər dayandırılmış, onlayn keçirilməyə başlamışdı. Elə həmin tədris ilə eləcədə başa çatdı.

Buna da bax: Kompüteri olmayan uşaqlar necə onlayn dərs alsın?

Bu tədris ili başlayanda isə yalnız həftədə 2-3 dəfə ibtidai siniflər məktəblərə getdilər. Bu gün, oktyabrın 1-dən V-IX, oktyabrın 16-dan isə X-XI siniflər məktəbə getməlidirlər. Bir sözlə, dərslər hələ də, əsasən, onlayn keçirilir.

Dünən, sentyabrın 30-da Azərbaycan təhsil naziri Emin Əmirullayev da dedi ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində (Qarşı tərəf bu dəyərləndirməni qəbul etmir) yaranmış vəziyyətlə əlaqədar ölkədə 420 məktəbdə dərslər ya tamamilə, ya da qismən dayandırılıb.

K.Əsədov

"Biz mart ayında hazırlıqsız yaxalandıq"

"Biz uzun 10 illər idi ki, ənənəvi təhsil formasında fəaliyyət göstərirdik. Amma 2020-ci ilin martında COVID-19 pandemiyası müxtəlif formalara hazır olmağı, təhsilin əlçatanlığını təmin etməyi, belə deyək, bir növ B, C, D planı olmasını şərtləndirdi".

Bunu təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kamran Əsədov deyib.

Ekspert vurğulayıb ki, 2020-ci ildə pandemiya üzündən ölkə internet vasitəsilə onlayn təhsil formatına keçdi, eyni zamanda, "internet olmadıqda nə etməli" sualı gündəmə gəldi:

Buna da bax: 'Minlərlə şagird təhsildən kənarda qala bilər'

"Biz mart ayında hazırlıqsız yaxalandıq. Müəyyən qədər xarici proqramlar tətbiq olunmaqla təhsilin əlçatanlığı təmin edildi. İndi həmin resurslar da məhdudlaşdırılır. Əlbəttə, ölkədə hərbi əməliyyatlar gedir, bu, dövlətin, xalqın təhlükəsizlik məsələsidir, müzakirə istəmir və əməl edilməlidir".

"Şagird internet olmadıqda belə, dərsi təkrar dinləyə bilir"

Amma bununla belə, K.Əsədov hesab edir ki, müharibə şəraitində də şagirdlərə zəruri bilik və bacarıqlar aşılanmalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yarı-yarımçıq onlayn dərslər: Valideynlər məcbur olub repetitor tutur

O vurğulayıb ki, pandemiya şəraitində bunun üçün onlayn rejimdən istifadə edilirdi. Ekspertin əlavə etməsinə görə, indi isə oflayn rejim tətbiq edilə bilər: "Belə ki, müəllimin keçdiyi dərs kompüterin, planşetin və ya kompüterin yaddaşında saxlanılır və şagird internet olmadıqda belə, dərsi təkrar dinləyə bilir".

"Cəbhə bölgəsində şagirdlərə daha çox lazım ola bilər"

Onun fikrincə, bu rejim indi cəbhə bölgəsində şagirdlərə daha çox lazım ola bilər: "İnternet olmadıqda, məktəbə getmək çətinliyi yarandıqda oflayn üsuldan istifadə etmək olar. Odur ki, aidiyyəti orqanlar oflayn rejimdə dərslər hazırlamalıdır. Dərsləri onlayn rejimdə keçirmək mümkün deyilsə, oflayn rejimdə keçə bilərlər".

Buna da bax: 'Azərbaycanda təhsil millətin gələcəyindən daha çox, biznes sahəsinə çevrilib'

Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları deyib: "Artıq beş gündür ki, ölkədə hərbi əməliyyatlar gedir. Bundan irəli gələrək "Hərbi vəziyyət haqqında" Qanun qüvvəyə minib və aidiyyəti qurumlar internetə məhdudlaşmalar tətbiq ediblər".

Onun fikrincə, bu addım internet vasitəsilə Azərbaycana qarşı informasiya sahəsində dezinformasiyaların yayılması və bu müstəvidə təxribatların qarşısını almaq üçündür:

O.Gündüz

"WhatsApp-da müxtəlif səslər dolaşırdı"

"Əvvəlki 2016-cı ilin aprel, 2020-ci ilin iyul əməliyyatlarında çoxsaylı dezinformasiyalar oldu. Yalan məlumatlar, montaj edilmiş videolar yayıldı, WhatsApp-da müxtəlif səslər dolaşırdı. O təcrübədən irəli gələrək bu dəfə məhdudiyyətlər yarandı. Bu anlaşılandır".

Amma O.Gündüzün fikrincə, eyni zamanda, müharibə həm də informasiya cəbhəsində gedir: "Monitorinq aparanda özüm də müşahidə edirəm ki, xarici informasiya cəbhəsində anti-Azərbaycan xətti aparanlar üçün münbit şərait yaranıb. Çünki internetdə, sosial şəbəkələrdə Azərbaycan tərəfindən olan məhdudiyyətlərdən dolayı anında onların cavabı verilmir".

Buna da bax: Hərbi vəziyyətdə nələr qadağandır?

Onun deməsinə görə, hansısa yazılarda, açıqlamalarda anti-Azərbaycan xətti özünü açıq-aşkar göstərir: "Bu cəhətdən düşünürəm ki, hökumətin internetə, sosial mediaya məhdudiyyətlər tətbiq etməklə bərabər, ictimai fəalların, ekspertlərin bu müstəvidə işləmələri üçün imkanlar yaratması da doğru addım olardı. Odur ki, informasiya cəbhəsində anti-Azərbaycan xəttinin üstünük qazanmasına imkan vermək olmaz".

Bu fikirlərə, hələlik, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.