Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun istintaq dövründə girov müqabilində azadlıqda olmasıyla bağlı müraciətə Bakı Apellyasiya Məhkəməsi də razılıq vermədi.
Həbsdə olan keçmiş səfirin vəkili Adil İsmayılov onun barəsində həbs-qətimkan tədbirinin girovla dəyişməsindən ötrü öncə Nəsimi rayon Məhkəməsinə vəsatət vermişdi. Lakin bu məhkəmə vəsatəti təmin etməmişdi. Həmin qərardan vəkilin verdiyi şikayətə sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulov baxıb. O da şikayəti təmin etməyib.
Avqustun 13-dən həbsdə olan E.Həsənov haqqında cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlansa da, sonradan iş Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Hələ də istintaq davam edir.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, bu günlərdə E.Həsənova yaxın şəxslərdən daha bir nəfər həbs olunub. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərindən olan Bəhruz Əsədbəyli haqqında sentyabrın 20-də Nəsimi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda məninmsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Mediada yayılan məlumatlarda B.Əsədbəylinin E.Həsənovla işgüzar əlaqələri olduğu iddia edilir. Amma tərəflərin heç biri bu iddialara cavab verməyib.
Xatırlatma
1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin işdən ayrılaraq istintaq davam etirilməsi üçün Baş Prokurorluğa göndərilib.
E.Həsənova qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. E.Həsənov ittihamları qəbul etmir.
Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.