Son günlər sosial şəbəkələrdə belə iddialar yayılıb ki, yol polisi vasitəsilə ayrı-ayrı Azərbaycan vətəndaşlarından “Pikap" tipli avtomobillər yığışdırılır. İddialara görə, həmin avtomobillərin yığılmasına onların müharibə zamanı lazım olacağı ilə bağlı izah da verilir. Bəzi sosial şəbəkə istifadəçiləri də belə iddialardan sonra "Bəs noldu milyardlarla hərbi büdcə" kimi iradlar dilə gətiriblər.
Baş Dövlət Yol Polisi İdarəsi "pikap" tipli avtomobillərin Yol Patrul Xidmətləri (YPX) postlarında saxlanılması ilə bağlı iddialara münasibət bildirib.
Buna da bax: Ehtiyatda olan hərbi vəzifəlilər təlim toplanışlarına çağırılır
Baş Dövlət Yol Polisi İdarəsi öz münasibətində əvvəlcə Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na istinad edib: "Silahlı birləşmələrə... vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur".
Açıqlamada sonra da bildirilir ki, "pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri də Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid edilir: "...Həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır, bu haqda sahiblərinə məlumat verilir".
Buna da bax: İ.Əliyev: 'Danışıqlar faktiki olaraq getmir'
Xatırlatma
Son günlər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindən yenidən gərginliyin artması ilə bağlı məlumatlar gəlir. Dünən, sentyabrın 21-də Azərbaycanın bir hərbi qulluqçusunun da həlak olduğu bildirilib. Prezident İlham Əliyev də deyib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Azərbaycanın özü də bu günlər ehtiyatda olan hərbi vəzifəliləri təlimə yığır.
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.