Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayı ərzində Ümumi Daxili Məhsulda 3 faiz azalma olub. Buna əsas səbəb kimi neftin ucuzlaşması və koronavirus pandemiyası göstərilir.
Bəs ilin sonuna qədər azalma nə qədər ola bilər və hökumət vəziyyəti dəyişmək üçün postpandemiya dövründə hansı addımlar atmalıdır?
“Digər ölkələrlə müqayisədə bizdə kiçilmə daha aşağıdır”
AzadliqRadiosunun bu barədə müraciət etdiyi iqtisadçılar fərqli yanaşmalar ortaya qoyurlar. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili bu ilin 8 ayında azalmanın gözlənilən olduğunu bildirib:
“Çünki ikinci rübdən iqtisadi məhdudiyyətlərin tətbiqi və neftin qiymətinin aşağı olması bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın kiçilməsini zəruri edirdi. Baxmayaraq ki, Azərbaycanda kiçilmə dövlət tərəfindən idarə olunan prosesdir və digər ölkələrlə müqayisədə bizdə kiçilmə daha aşağıdır. Əgər Avropa Birliyi ölkələrində bu kiçilmə 7-10 faiz ətrafındadırsa, Azərbaycanda 3 faiz kiçilmə prosesin idarə olunması anlamına gəlir”.
“ÜDM-nin azalması neftin qiymətlərindən asılı olaraq dəyişəcək”
Tahir Mirkişili hesab edir ki, ilin sonuna qədər iqtisadiyyatda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi barədə 3 ssenaridən asılı olan proqnozlar mövcuddur:
“İqtisadiyyat Nazirliyinin elan etditi proqnozlarda ilin sonuna qədər neftin qiymətindən asılı olaraq Azərbaycan iqtisadiyyatında azalma 3 formada ola biləcək. Birinci, əgər neftin qiyməti 45 dollar olacaqsa, ilin sonuna qədər ÜDM 2.9 azalacaq. Əgər neftin qiyməti 40 dollar olacaqsa, azalma 3.7 faiz olacaq. Əgər neftin qiyməti 35 dollar olacaqsa, o zaman ÜDM 4.3 faiz azalacaq”
Komitə sədri deyir ki, ÜDM-nin azalması neftin qiymətlərindən asılı olaraq dəyişəcək:
“Nəzərə aldıqda ÜDM-də azalma qeyri-neft sektorunda azalmadan daha çoxdur. Xüsusən qeyri-neft sənayesinin artım göstərməsi qeyri-neft ÜDM-nin daha az azalmasına səbəb olur. Eyni zamanda, 2021-ci il üçün də proqnozlar mövcuddur”
“Artım indidən proqnozlaşdırılır”
Onun vurğulamasına görə, yenə bu neftin qiymətindən asılı olarcaq:
“ Əgər neftin qiyməti 45 dollar olacaqsa, 3.8, 40 dollar olacaqsa, 3.4, 35 dollar olacaqsa, 3 faiz ÜDM-nin artması gözlənilir. İstənilən halda Azərbaycan iqtisadiyyatının artım dinamikasına sahib olması indidən proqnozlaşdırılır”.
Postpandemiya dövründə hansı addımların atılması sualına gəldikdə isə Tahir Mirkişili hesab edir ki, bir neçə mühüm istiqamət var, bu yöndə dövlət və fiskal-maliyyə siyasətində özünü göstərir:
“Birinci, iqtisadi, instutsional islahatlar daha da sürətlənir və əhatələnir. Həm də dövlət-sahibkar münasibətlərində islahatlar aparılır. Aydındır ki, birinci növbədə investisiyanın cəlb olunması vacibdir, bura daxili və xarici investisya daxildir. İndiki halda böhrandan daha sürətlə çıxmaq üçün investisiyaların həcminin artırılması ən mühüm zərurətdən biridir. İkinci istiqamətdə özəlləşmənin daha da genişlənməsidir, dövlət şirkətlərində effektivliyi artırmaqla onların bir hissəsinin özəlləşməsi barədə müəyyən addımlar atılıb. Düşünürük ki, özəlləşmədən əldə olunacaq gəlir dövlət büdcəsinin gəlirlərinin artmasına təsir göstərəcək”
Deputatın fikrincə, digər bir istiqamət dövlət-sahibkar münasibətlərində daha çevik idarəetmə modelinə keçmək, iş adamlarının fəaliyyətinə maneəçilik yaradacaq hər hansı bürokratik əngəllərin aradan qaldırılması və bundan sonra daha çox özəl sektor üzərində siyasət qurmaqdır:
“Bunu Milli Məclisin qəbul etdiyi aktlarda, qanunlarda, dövlət siyasətində sezmək mümkündür. Nəhayət, dördüncü istiqamət müasir iqtisadiyyat texnologiyalar üzərində qurulacaq, Azərbaycanda texnologiyaların, insan kapitalının inkişaf etdirilməsi və bu barədə tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi son addımlarda özünü büruzə verir. Ölkə prezidentinin beynəlxalq təşkilatlarla və xarici iş adamlarla görüşündə Azərbaycana bilik, texnologiya və vərdişlərin idxal olunması əsas qarşıya qoyulan məqsədlərdən biridir.”
Komitə sədrinin fikrincə, sadalanan bu istiqamətlər Azərbaycanda indiki dövrdə azalmadan sonra daha sürətli artıma keçmək yönümündə planlaşdırılan addımlardır:
“Növbəti 10 ildə iqtisadiyyatı 2 dəfə artırmaq”
“Təbii ki, bundan sonra da daha çox addımlar atmaq və daha zəngin alətlərə sahib olmaq kimi bir siyasətin yürüdülməsi planlaşdırılır. Zaman keçdikcə, bu, görünəcək. Niyyət və məqsəd isə Azərbaycan iqtisadiyyatını daha dayanıqlı etmək, kifayət qədər sürətli inkişaf artımına nail olmaqdır. Çünki dövlət başçısının İqtisadi Şuranın yaradılması haqqında fərmanda da kifayət qədər açıq şəkildə qarşıya qoyulan məqsədlər var. Bunlar növbəti 10 ildə iqtisadiyyatı 2 dəfə artırmaq, xarici investisiyaların cəlb olunması üçün daha yaxşı əlverişli şərait yaratmaq, mülkiyyət hüququnun qorunması üçün dəyişikliklərə nail olmaqdır.”
Komitə sədrinə görə, ölkə vətəndaşları bütövlükdə biznes sektorunun yaxşılaşdırılması üçün dövlətin əlində olan imkanlardan istifadə edilməsinin və bu dövrdə insanları daha çox sosial qayğıyla əhatə etmək kimi dövlət siyasətinin yürüdülməsinin şahidi olacaqlar.
“Mənim təxminlərimə görə, rəqəm daha yüksək olmalıdır”
İqtisadçı Nemət Əliyev-in fikrincə isə ÜDM-nin azalmasını hesablamaq hər bir fərd üçün çətin olduğundan, rəsmi dairələrin məlumatlarına inanmaq məcburiyyətindədir. Bununla belə Nemət Əliyev 3 faiz azalmanı da böyük itki sayır:
“Ancaq pandemiya şəraitində ÜDM-nin bu dərəcədə azalması inandırıcı deyil, mənim təxminlərimə görə, rəqəm daha yüksək olmalıdır. Çünki faktiki olaraq xidmət sektoru dayanıb, hökumətin çox böyük ümidlər bəslədiyi turizm sektoru da dayanıb, ÜDM-də xeyli payı olan nəqliyyat sektoru da dayanmış durumdadır. Qeyri-ərzaq mallarının ticarətində arzuolunmaz vəziyyətdir. Ona görə ilin 8 ayında 3 faiz azalma real məzmundan uzaqlaşdırılmış göstəricidir. Bəlkə də real vəziyyəti dolayı yollarla hesablayıb göstərmək mümkündür”.
“Əgər yenə nağıl söyləməklə davam edəcəklərsə ”
Nemət Əliyev hesab edir ki, karantinlə bağlı yumşalmalar olduğundan ilin sonuna müəyyən qədər tənəzzül prosesi səngiyə bilər. Onun fikrincə, əgər hökumət əvvəlllər atdığı yanlış addımlarını təkrar etməsə, tənəzzüldə səngimə olacaq. İqtisadçı postpandemiya dövründə bərbad vəziyyətdəki investisiya mühitini yaxşılaşdırmağı vacib sayır:
“Çünki ölkə iqtisadiyyatına yatırımlar edilməyincə, real sektorun inkişafından danışmaq mənasızdır. Necə ki, indiyə qədər nağıllar danışıblar, əgər yenə nağıl söyləməklə davam edəcəklərsə, yanlış olacaq. Birinci növbədə kiçik və orta sahibkarın qarşısındakı sədlərini götürməlidirlər, hökumət onların fəaliyyətinə müdaxilə etməməlidir. Hökumət elə başa düşür ki, hər sahəyə nəzarət etməli və yönəltməlidir. Lüzumsuz müdaxilələrə son qoyulsa, dövlət daha çox fayda götürər. Qeyri-neft sektorunun inkişafı istiqamətində investisiya yatırımlarına nail olmaq lazımdır. Statistikaya baxsanız, xarici investorların ölkədən getdiyinin şahidi olarsınız. Bir halda ki, xarici investor Azərbaycanın qeyri-neft sektoruna yaxın gəlmir, o zaman yerli investorların o sahəyə maraq göstərdiyini düşünmək sadəlöhvlükdür. Ona görə də xarici investorların ölkəyə gəlməsi üçün qanunların aliliyini təmin etmək vacibdir”.
“Əgər bu addımlar atılmasa...”
İqtisadçı hesab edir ki, müstəqil məhkəmə hakimiyyəti istiqamətində ciddi addımlar atılmalıdır , sahibkarı da, investoru da hüququ pozulanda bərpa ediləcəyinə əmin olmalıdır.
"Ölkədə məhkəmələr sifarişlə işlədyindən onlara ümid qalmayıb. Məhkəmə hakimiyyətinə inam yaratmaq üçün isə vətəndaş cəmiyyətinin inkişafına təkan verilməlidir. Növbəti addım kimi qanunların aliliyinə riayət olunmalıdır. Xarici və yerli investor məmurun iradəsinin qanundan üstünlüyünü görəndə, ölkəyə yatırım qoymayacaq. Ona görə də postpandemiya dövründə qeyri-neft sektoruna maraq göstərən sahibkarlığın önü açılmalıdır. Əgər bu addımlar atılmasa, inkişaf yönündəki qərarlarının heç bir nəticəsi olmayacaq”