Rauf Mirqədirovla bağlı Azərbaycan cərimələndi

R.Mirqədirov

Sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Rauf Mirqədirov Azərbaycana və Türkiyəyə qarşı" işi üzrə qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun deməsinə görə, qərara əsasən, Azərbaycan jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verib.

X.Ağalıyevin vurğulamasına görə, bu pozuntulara görə Azərbaycan hökuməti R.Mirqədirova 20 min avro təzminat ödəməlidir.

Hüquqşünasın əlavə etməsinə görə, məhkəmə ərizəçinin Türkiyə Respublikasına qarşı 5.4-cü maddə (Azadlıqdan məhrum edilmiş hər kəs onun həbsinin qanuniliyinə məhkəmədə təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi orada qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) ilə bağlı iddialarını isə incələməyə ehtiyac duymayıb. Türkiyəyə qarşı digər şikayətlər isə qəbuledilməz sayılıb.

Hələlik, bu qərara Azərbaycan və Türkiyə rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

"Zerkalo" qəzetinin icmalçısı və siyasi analitik Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. 2015-ci ilin dekabrında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

R.Mirqədirov özü ittihamı rədd edib və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi.

2016-cı ilin martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist R.Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib, o, azadlığa çıxıb.

2017-ci ildə o, İsveçrəyə gedib.