BMT-nin Baş katibi Antonio Quterres deyir ki, COVID-19 pandemiyası “nəzarətdən kənar” qalır və dünya “ən kədərli göstərici”yə yaxınlaşmaqdadır – koronavirusdan ölüm halları 1 milyona çatmaq üzrədir.
Quterres sentyabrın 16-da mətbuat konfransında deyib ki, koronavirus dünyaya 1 saylı qlobal təhlükəsizlik hədəsidir, “həyatımızda heç bənzəri olmayan” böhran yaradıb.
Qlobal atəşkəs çağırışı
Onun sözlərinə görə, gələn həftə Baş Assambleyanın virtual iclasında beynəlxalq ictimaiyyətə ilin sonunadək qlobal atəşkəslə bağlı güclü çağırış edəcək. Quterres ilk dəfə qlobal atəşkəsə martın 23-də çağırmışdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
Baş katib beynəlxalq ictimaiyyəti bir araya gələrək virusu məğlub etməyə səsləyib, təkcə vaksinin böhranı həll edə bilməyəcəyini deyib.
Artıq dünyada koronavirusa yoluxanların sayı sürətlə 30 milyona yaxınlaşır, 940 mindən çox xəstə vəfat edib.
Pandemiyanın qaynar nöqtəsinə çevrilmiş Hindistanda sentyabrın 17-də daha bir rekord qeydə alınıb. Son 24 saat ərzində 98 minə yaxın yoluxma və 1132 ölüm təsdiqlənib.
Hazırda Hindistan 5.12 milyon yoluxma ilə dünyada Birləşmiş Ştatlardan sonra ikinci yerdədir. ABŞ-da yoluxmalar 6.6 milyonu keçib.
Buna da bax: İran virusun ‘qayıtdığını’ deyir
Avropa və Cənubi Afrika
Avropanın bəzi yerlərində də yoluxmalarda artım yaşanır, virusu nəzarətə almaqdan ötrü qadağalar dəyişdirilir.
Maydan bəri ilk dəfə olaraq Britaniyada 4 minə yaxın yeni yoluxma qeydə alınıb. Artıq İngiltərədə rəsmilər qapalı və açıq məkanlarda altı nəfərdən artıq şəxsin bir yerə yığışmasını qadağan edib.
Macarıstanın Baş naziri Viktor Orban maskadan məcburi istifadəni genişləndirib, oktyabrın 1-dən bütün tələbə və müəllimlərin temperaturu ölçüləcək.
Buna da bax: 'Minlərlə şagird təhsildən kənarda qala bilər'
Almaniya sentyabrın 16-da Avropada üç paytaxtı və bir neçə regionu koronavirusun “risk əraziləri” elan edib, həmin yerlərdən gələn ziyarətçilər məcburi karantinə alınacaq.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Vyana, Budapeşt və Amsterdam yoluxma sayının yüksək olmasına görə risk siyahısına salınıb. Siyahıda Fransa, Rumıniya, Xorvatiya, İsveçrə və Çexiyadan bəzi regionlar da yer alıb.
Cənubi Afrikada isə vəziyyət fərqlidir, son həftələr yoluxmalar kəskin azaldığından oktyabrın 1-dən beynəlxalq səyahətlər açılacaq.
Prezident Kiril Ramafoza deyib ki, yüksək risk zonasından gələnlər ölkəyə buraxılmaya bilər və ölkələrin siyahısı bir neçə günə dərc olunacaq.