İran virusun ‘qayıtdığını’ deyir

İranda Aşura mərasimi

İslam respublikasında yoluxmalar sentyabrın əvvəlində qısa müddətə azalmışdı, indi yenidən artır. Artıq ölkədə 407 mindən çox yoluxma təsdiqlənib, 23 min 453 xəstə vəfat edib

Hindistanda yoluxmalar 5 milyona çatdı

Sentyabrın 16-da Hindistanda koronavirusa təsdiqlənmiş yoluxmalar 5 milyonu keçib. Dünyada əsas vaksin namizədinin sınağını aparan şirkət isə bildirir ki, araşdırma vaksinin yumşaq-orta yan təsirlərinin olduğunu üzə çıxarıb.

Hindistanın Səhiyyə Nazirliyi son 24 saat ərzində 90 mindən çox yoluxmanın təsdiqləndiyini, ümumi yoluxma sayının 5 milyon 20 minə çatdığını bildirib. Bu, ölkənin 1.4 milyardlıq əhalisinin 1 faizinin üçdə biri deməkdir. Son 24 saat ərzində 1290 ölüm halı isə ümumi ölü statistikasını 82 min 66 nəfərə çatdırıb.

Birləşmiş Ştatlarda isə yoluxma sayı 6.6 milyondan çoxdur. Dünyada təsdiqlənmiş yoluxmalar 29.4 milyon nəfərdir.

Buna da bax: 2024-cü ilədək hamıya vaksin çatmayacaq – Qərb mediası

Pfizer şirkətinin sentyabrın 15-də bildirməsinə görə, peyvənd sınağının iştirakçılarında əsasən halsızlıq, başağrısı, üşütmə və əzələ ağrısı kimi yumşaq-orta yan təsirlər qeydə alınıb.

Şirkət indiyədək sınaqlara 29 mindən çox insanı cəlb edib. Sözügedən eksperimental COVID-19 vaksini Almaniyanın BioNTech şirkəti ilə birlikdə hazırlanır.

Britaniyanın AstraZeneca şirkəti isə COVID-19 vaksininin sınağını sentyabrın 14-dən bərpa edib. Bir könüllüdə ciddi yan təsir üzə çıxdığından dünya üzrə sınaqlar sentyabrın 6-da dayandırılmışdı.

Pfizer vaksinin işlək olub olmadığını oktyabrda biləcəyini deyir.

***

İranın aparıcı səhiyyə rəsmisi ölkədə koronavirusa yoluxmaların “yenidən baş qaldırdığını” deyir.

Səhiyyə nazirinin müavini Əlirza Rəisi sentyabrın 15-də deyib ki, səyahətlər və səhiyyə qaydalarına əməl etməyən insanlar yoluxmaları artırır.

İslam respublikasında yoluxmalar sentyabrın əvvəlində qısa müddətə azalmışdı, indi yenidən artır. Artıq ölkədə 407 mindən çox yoluxma təsdiqlənib, 23 min 453 xəstə vəfat edib.

“Proqnozlar bizim koronavirusun üçüncü dalğasına doğru getdiyimizi göstərir və görünür, dalğa Tehranda digər vilayətlərdən daha tez başlayacaq”, – bunu isə paytaxt üzrə antikoronavirus koordinatoru Əlirza Zali sentyabrın 14-də deyib.

İranda qapalı məkanlarda maska taxılması məcburi elan edilib, virusun yayılmaması üçün iranlılar səyahət etməməyə çağırırlar.

Buna da bax: 114 yeni yoluxma, 2 ölüm

Avropa və Honq Konq

Avropanın bəzi yerlərində də yoluxmalarda artım var. Bu da əsasən səyahətlər və adamların səhiyyə protokollarına əməl etməməsi ilə izah olunur.

Artıq İrlandiya hökuməti özünü təcrid etməyə başlayıb, parlamentin işi azı bir həftəliyə dayandırılıb. Bundan öncə səhiyyə nazirinin özünü yaxşı hiss etmədiyi açıqlanıb.

İspaniyada iyulun ortasından yeni yoluxmalar 6 mini, ölü sayı isə 30 mini keçib.

Hazırda ölkə üzrə beş günlük ortalama yoluxma göstəricisi 10 min civarındadır ki, bu da martda və apreldə pandemiyanın pik həddində olduğundan yüksəkdir.

Buna da bax: Dünyanın əsas vaksin namizədinin sınaqları bərpa edildi

Fransada da avqustun əvvəlindən ikinci dalğa yaşanır, ölkənin əksər hissəsində bəzi qadağalar, maska taxmaq bərpa olunub.

Avropanın səhiyyə rəsmiləri payızda yoluxma və ölü sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Bu arada dərslər də bərpa olunub.

Asiyaya gəlincə, Honq Konq hökuməti iki həftəlik kütləvi test proqramı çərçivəsində 1,8 milyona yaxın sakinin könüllü koronovirus testindən keçdiyini bildirir, cəmi 42 yoluxma müəyyənləşdirilib. Hökumət 4-5 milyon nəfəri testdən keçirməyi planlaşdırırdı. Ancaq Honq Konq lideri Keri Lam layihənin uğurlu olduğunu bildirib.

Honq Konqda indiyədək 5 minədək yoluxma və 101 ölüm halı təsdiqlənib.

Buna da bax: İnkişaf etməkdə olan Asiyanın ÜDM-də 0.7 faiz azalma gözlənir

Həddən artıq yoxsulluq 7 faiz artıb

Koronavirus pandemiyası qlobal səhiyyəni geri atıb, milyonlarla insanı ölüm və səfalətlə üz-üzə qoyub. Bunu “Bill & Melinda Gates” fondu yeni hesabatında bildirib.

Sentyabrın 15-də yayılmış hesabatda deyilir ki, həddən artıq yoxsulluq 7 faiz artıb, rutin peyvəndləmənin səviyyəsi isə 1990-cı illərdəkinə düşüb.

“Bu, çox böyük geriləmədir”, – fondun həmsədri, aparıcı xeyriyyəçi Bill Qeyts deyib.

“COVID-19 pandemiyası təkcə proqresi dayandırmayıb, onu həm də geri atıb”, – Qeyts jurnalistlərə söyləyib.

Covid-19 pandemiyasının 37 milyonadək insanı həddən artıq yoxsullaşdırdığı bildirilir.

İndiyədək dünyada koronavirusa 29 milyon yarımdan çox insanın yoluxduğu təsdiqlənib, 935 mindən artıq xəstə vəfat edib.