Tofiq Yaqubludan analizlər götürülüb

T.Yaqublu

Sentyabrın 15-də "City Hospital"da olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubludan analizlər götürülüb.

Bu barədə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, analizlərdə müəyyən dəyişikliklər müşahidə olunur: "Bu dəyişiklik qaraciyərlə bağlıdır. Ona görə biz bu gün, sentyabrın 15-də infuziyanı başladıq və davam etdirəcəyik. Tofiq Yaqublunun vəziyyəti, hələlik, qənaətbəxş sayıla bilər, amma aclıq edən adam hər an problem yaşaya bilər".

Buna da bax: Tofiq Yaqublu xəstəxanaya gətirilib

T.Yaqublunun qızı Nigar Həzi isə AzadlıqRadiosuna bildirib ki, T.Yaqublu aclığı davam etdirir: "Bu gün, sentyabrın 15-də bir çox analizlər götürülüb, 14 günlük aclığın fəsadları analizlərdə özünü göstərir. Nəticələr normadan ya aşağıdır, ya da ki, yuxarı. Aclıq bir az da davam etsə, yenə həyatına təhlükə riski artacaq".

N.Həzi əlavə edib ki, sentyabrın 15-də T.Yaqublunun yanına onun vəkili Aqil Layıcı buraxmayıblar.

Bu açıqlamalara, hələlik, Penitensiar Xidmət və başqa qurumlardan münasibət almaq mümkün olmayıb.

"Aksiya davam edir"

"Müsavat Partiyasının qərargahında Tofiq Yaqubluya dəstək aclıq aksiyası davam edir".

Buna da bax: "İlham Əliyev iki yoldan birini seçməlidir"- Tofiq Yaqublu aclığı davam etdirir

Bunu isə aksiya keçirənlərdən biri olduğunu söyləyən hüquq müdafiəçisi Zəfər Əhmədov deyib. O, daha sonra da bunları əlavə edib: "Hazırda üç nəfər aclıq aksiyasını davam etdirir, onlardan ikisinin vəziyyəti isə qənaətbəxş deyil, çünki artıq 13 gündür aclıq edirlər. Bunlar cəbhəçilər Ayət İsmayıl və Elnur Həsənovdur. Lakin aclığı dayandırmaqdan imtina edirlər. Dünən, sentyabrın 14-də həkimlər gəlib təzyiqlərimizi və qızdırmanı ölçüblər".

Bu açıqlamaya da, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən cəbhəçilərdən Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Müsavat Partiyasının fəalı Elman Quliyev aksiyaya qoşulduğunu açıqlayıb.

Buna da bax: Bakıda T.Yaqublu və siyasi məhbuslara azadlıq tələbi ilə aksiya

Onlardan indiyə kimi T.Məmmədovun və E.Quliyevin aksiyanı dayandırdığı açıqlanıb. Z.Əhmədovun isə sentyabrın 13-dən aclıq edənlərə qoşulduğu bildirilir.

T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı deyilir.

T.Yaqublu saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan "City Hospital"a sentyabrın 12-də köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb. "Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək", - Penitensiar Xidmətdən bildirilib.

Buna da bax: Yalançı şahidlər necə cəzalanmalıdır

Xatırlatma

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.