Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı bu gün, sentyabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 38517 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1953 nəfərdir".
Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 921, hazırkı dövrədək isə 1 milyon 20 min 29 test aparılıb.
Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyon 475 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 933 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.