AstraZeneca şirkəti Britaniyada COVID-19 vaksininin klinik sınaqlarını bərpa edib, təhlükəsizlik qurumları buna yaşıl işıq yandırıb. Dünyada sözügedən vaksinə böyük ümid bəslənir.
Oksford Universiteti ilə birlikdə hazırlanan eksperimental vaksinin son mərhələ sınaqları ötən həftə dayandırılmışdı, bir könüllü xəstələnmişdi.
AstraZeneca sentyabrın 12-də bildirib ki, artıq ölkənin tibbi qurumları sınaqların bərpasının təhlükəsiz olduğunu tövsiyə edib. Bu haqda "Reuters" yazır.
Xəstələnən könüllüdə nadir onurğa iltihabı ilə bağlı nevroloji simptomlar üzə çıxdığı deyilirdi. Kembricdə mənzillənən AstraZeneca bundan artıq tibbi informasiya açıqlaya bilməyəcəyini bəyan edib.
Buna da bax: Əsas vaksin namizədinin son mərhələ sınaqları dayandırılıb
Hindistan və Braziliyanın uyğun qurumları da sınaqları bərpa etdiklərini bildiriblər.
Dünya Səhiyyə Təşkilatı dünyada 900 mindən çox insanın həyatına son qoymuş yeni koronavirusa qarşı AstraZeneca-nın hazırladığı vaksini çox ümidverici hesab edir. Vaksin bir sıra ölkələrdə son sınaq mərhələsindədir, Yaponiya və Rusiyada əlavə sınaqlar planlaşdırılır.
AstraZeneca artıq bir sıra hökumətlərə potensial vaksinin üç milyarda yaxın dozasını təchiz etməyə boyun olub.
Buna da bax: Türkiyə Rusiya vaksinini ala bilər
Dörd-beş il...
2024-cü ilin sonunadək dünyada hamının Covid-19-a qarşı vaksin olunması üçün peyvənd çatışmaya bilər. Bunu isə “The Financial Times” qəzeti dünyanın ən böyük vaksin istehsalçısının rəhbərinə istinadla yazır.
Hindistan Serum İnstitutunun başçısı Adar Punavalla qəzetə deyib ki, farmaseptik şirkətlər dünya əhalisini daha az müddətə peyvənd elətdirmək üçün hasilat gücünü artırmırlar.
“Planetdə hər bir kəsin peyvənd olunması dörd-beş il çəkəcək”, – cənab Punavalla deyib. Onun hesablamasına görə, Covid-19 vaksini iki dozadan ibarət olduğundan dünyaya 15 milyard doza vaksin lazımdır.
Serum İnstitutu AstraZeneca və Novavax kimi beynəlxalq şirkətlərlə Covid-19 vaksininin hazırlanmasında iştirak edir, 1 milyard doza hazırlamaq öhdəliyi götürüb. Bunun yarısı Hindistana çatmalıdır. Şirkət həm də Rusiyanın Qamaleya Tədqiqat İnstitutu ilə birlikdə Sputnik vaksininin hazırlanmasında tərəfdaşlıq edə bilər.
Buna da bax: Azərbaycanda peyvəndə inam azalıb, səbəbi...
Qəzet yazır ki, Punavallanın dedikləri siyasətçilərin iddialarına ciddi kölgə salır. Axı, onlar gələn ayadək vaksinin hazır olacağını vəd edirlər. ABŞ və Avropadan sifarişlərinin çoxluğu isə inkişaf etməkdə olan ölkələri vaksin növbəsində xeyli geri ata bilər.
Sözügedən institut dünyada həcmcə ən böyük vaksin istehsalçısıdır, hər il 170-dən çox ölkədə bir sıra yoluxucu xəstəliklərə qarşı istifadə olunan 1,5 milyard dozadan artıq vaksin buraxır.
Dünyada yeni koronavirusa yoluxanların sayı 29 milyonu keçib, 925 minə yaxın xəstə vəfat edib.