Neftçala Rayon İcra Hakimiyyətində bu ilin fevralında həbs olunan vəzifəli şəxslər, o cümlədən sabiq icra başçısı İsmayıl Vəliyevin istintaq dövründə həbsdə saxlanma müddəti ikinci dəfə uzadılıb. Sentyabrın 11-də Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.
Hakim Mədinə Bağırova İ.Vəliyev haqqında həbs-qətimkan tədbirinin müddətinin daha üç ay artırılması barədə istintaq orqanının təqdimatını təmin edib.
Sabiq icra başçısı ilə yanaşı, onunla birlikdə tutulanlardan Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayonun Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov haqqında da eyni qərar verilib.
İstintaq orqanı icra başçısının birinci müavini olmuş Vurğun Əkbərov və icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin keçmiş müdiri Vüqar Nağıyevlə bağlı da eyniməzmunlu təqdimat verib.
DTX-nın əməliyyatları nəticəsində həbs olunan icra başçıları, o cümlədən Neftçala rayonunun vəzifəli şəxsləri bu qurumun istintaq təxridxanasında saxlanılır. İstintaqı da DTX-nın İstintaq Baş İdarəsi aparır.
Neftçalada əməliyyat bu ilin fevralında keçirilib. İcra başçısı və digərləri haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İyun ayında onların həbs müddəti daha üç ay artırılıb. İbtidai istintaq yekunlaşmadığına görə həbs-qətimkan tədbirinin müddəti ikinci dəfə uzadılıb.
Onlara qarşı CM-in 179 (mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.