"Şəhərin müxtəlif yerlərində düşürdülər"
Aksiyada saxlananlardan əlavə buraxılanlar da var. Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib.
"Bir müddət saxladılar, şəxsi məlumatlarımızı dəqiqləşdirdilər, sonra bizi müxtəlif avtomobillərlə şəhərin müxtəlif yerlərində düşürdülər. Mənimlə birlikdə beş nəfəri Badamdarda azad etdilər", - o qeyd edib.
Sərbəst buraxılanlardan bəzisinin isə Bakıdan kənarda polis maşınından düşürüldüyü bildirilir.
Amma bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Nigar Həzi sərbəst buraxılıb
Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun müdafiəsi ilə bağlı aksiyada saxlananlardan buraxılan var.
Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. "Məni ilk buraxdılar. Başqalarının buraxılması da gözlənirdi", - o qeyd edib.
Amma saxlananlardan hamısının buraxılıb-buraxılmadığını, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.
T.Yaqublu ilə bağlı növbəti aksiya
Bu gün, sentyabrın 9-da günün ikinci yarısı bir qrup şəxs də Nizami Rayon Məhkəməsinin yaxınlığında hazırda həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun müdafiəsi ilə bağlı aksiya keçirməyə cəhd edib.
Onlar da "Tofiq bəyə azadlıq" şüarı səsləndiriblər. Polis aksiyanın davam etməsinə imkan verməyib. Aksiya iştirakçılarının bir çoxunu oradan uzaqlaşdırıblar, saxlanan da olub.
Bu aksiyaya isə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Həmin aksiya da şəhər rəhbərliyi ilə razılaşdırılmayıb.
Polisdən aksiya ilə bağlı açıqlama
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Tofiq Yaqublunun müdafiəsi ilə bağlı keçirilən aksiya haqqında açıqlama verib.
Açıqlamada qeyd edilib ki, sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun tələblərini pozaraq Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər icra hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb, küçə yürüşünə cəhd edib.
BŞBPİ-dən bildirildiyinə görə, ərazidə xidmətdə olan polis əməkdaşları küçə yürüşünə cəhdin qarşısını alıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.
"Saxlanılan və ya həbs edilən olmayıb", - polisdən qeyd edilib.
+++
Bu gün, sentyabrın 9-da hazırda həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun müdafiəsi ilə bağlı Bakının mərkəzi küçələrindən birində, Konstitusiya Məhkəməsinin yaxınlığında etiraz aksiyasına cəhd edilib.
Şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyaya ilk andan polis müdaxiləsi baş verib, iştirakçıların bir çoxu bir-birlərinin ardınca saxlanıb. Onlar saxlanan ərəfədə və saxlanarkən "Tofiq Yaqubluya azadlıq" kimi şüarlar səsləndiriblər.
Saxlananlar var...
Saxlananlar arasında T.Yaqublunun qızı Nigar Yaqublu, builki parlament seçkilərində namizədliyini irəli sürən fəallardan Bəxtiyar Hacıyev, Rəbiyyə Məmmədova, keçmiş bələdiyyə üzvü Vəfa Nağı və reportyor Fatimə Mövlamlı da olub. Habelə, müxalif təşkilatların bəzi fəalları da saxlanıb.
Üst-üstə 20-dən çox fəalın saxlandığını müşahidə etmək mümkün olub.
Bəzi jurnalistlər də maneələrlə üzləşəndə "Mətbuata toxunma" kimi şüar səsləndiriblər.
Hələlik, baş verənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub.
Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmədə T.Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.