Beş il öncə avtobusdan yıxılıb ikinci qrup əlil olmuş Almas Qurbanova baş verənlərə görə avtobusun sürücüsü ilə yanaşı, Binəqədi bələdiyyəsini də günahlandırır. A.Qurbanova 2007-2016-cı illərdə bələdiyyədə xadimə işləyib. Hadisədən bir müddət sonra işdən çıxıb. Son üç ildə də bələdiyyə ilə məhkəmələrdə çəkişib.
"Maddi və ya mənəvi dəstək görməmişəm"
A.Qurbanova iddia edir ki, 2015-ci il dekabrın 29-da Binəqədi qəsəbə bələdiyyəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə özünün təşkil etdiyi tədbirə onu məcburi göndərib. Həmin tədbirdən qayıdanda Binəqədi şosesində 133 saylı avtobusa minərkən sürücü tez hərəkətə başlayıb, nəticədə yıxılıb. Onu dərhal xəstəxanaya yerləşdiriblər. A.Qurbanovanın sözlərinə görə, əmək qabiliyyətini itirib, nəinki aylarla, hətta illərlə işləməyib. Müalicəsinə, dərmanlara xeyli xərci çıxıb: "Hazırda da daim həkim nəzarətindəyəm, dərman qəbul edirəm. Bu müddətdə nə bayramqabağı məcbur edib tədbirə göndərən Binəqədi qəsəbə bələdiyyəsindən, nə də 133 saylı avtobus xəttinin sahibi "Çinar-Trans" şirkətindən, sürücüdən maddi və ya mənəvi dəstək görmüşəm. Bələdiyyə məni məcburən ora göndərməsəydi, bu duruma düşməyəcəkdim".
Buna da bax: Bələdiyyə tikinti üçün satıb, neft şirkəti sökdürür...
A.Qurbanova bələdiyyəni həm də onda günahlandırır ki, işçi kimi onun bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortasını həyata keçirməyib. O hesab edir ki, başına gələnlər iş yerinin günahı üzündən baş verib. Əgər onu həmin tədbirə göndərməsəydilər, həmin hadisə də olmayacaqdı. Onun sözlərinə görə, qəza iş vaxtı baş verib.
A.Qurbanova Binəqədi qəsəbə bələdiyyəsini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib. Tələbi də belə olub ki, bələdiyyə onun ikinci qrup əlil olmasıyla nəticələnən bədbəxt hadisənin təhqiqatının aparılmasından ötrü Dövlət Əmək Müfəttişliyinə məlumat versin, İZ formalı akt tərtib edilsin. Dövlət Əmək Müfəttişliyi Xidməti də təhqiqat aparmaq məqsədilə komissiya yaradılmasına əmr versin, lazımi tədbirlərin yerinə yetirilməsinə nəzarət etsin.
Buna da bax: Vəfa Nağı bələdiyyə üzvlüyündən çıxarılıb
Bələdiyyə qərarla razılaşmır
2018-ci ilin əvvəlindən başlanan məhkəmə çəkişməsi bu ilin avqustuna qədər davam edib. Binəqədi Rayon Məhkəməsi onun iddiasını rədd edib. Bakı Apellyasiya Məhkəməsi bələdiyyəyə münasibətdə iddia tələbini rədd edib. Dövlət Əmək Müfəttişliyinə qarşı iddianı isə ümumiyyətlə, mümkün saymayıb. Ali Məhkəmə işi yenidən araşdırmaq üçün bir daha apellyasiya instansiyasına qaytarıb. Bu dəfə Bakı Apellyasiya Məhkəməsi onun bələdiyyəyə qarşı iddiasını təmin edib. Belə olan halda da bələdiyyə narazı qalıb və iş bir daha Ali Məhkəməyə çıxıb.
Avqustun 22-də Ali Məhkəmə bələdiyyənin kassasiya şikayətinə baxıb, amma təmin etməyib.
Bələdiyyənin nümayəndəsi Elvin Qəhrəmanov qərarla razılaşmır. Məhkəmədə də bildirib ki, A.Qurbanovanın başına gələnlərin bələdiyyəyə aidiyyəti yoxdur. Çünki onu həmin tədbirə bələdiyyə göndərməyib. Hadisə də iş vaxtı baş verməyib: "Bu, istehsalatda baş vermiş hadisə kimi qiymətləndirilə bilməz. Almas Qurbanovanın iş vaxtı səhər saat 09:00-dan 18:00-a qədərdir. O, iş saatı bitəndən sonra evinə gedib, nəvələrini götürüb, bayram tədbirində iştirak edib. Bayram tədbiri də saat 18:00-da başlayıb. İş saatından sonra başladığına görə də oradan geri dönərkən şəxsin xəsarət alması istehsalatda baş vermiş hadisə kimi qiymətləndirilməməlidir".
Vəkil əlavə edib ki, A.Qurbanovanın tədbirdə bələdiyyə işçisi kimi iştirakı onun təmizlik işlərinə görə qatılması demək deyil. Əksinə, tədbirdə tamaşaçı kimi iştirak etdiyi hesab olunmalıdır.
Ali Məhkəmə son instansiyadır. Bələdiyyə razılaşmasa belə, məhkəmənin qərarını yerinə yetirməlidir.