Bu gün, sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup xanım fəalı Bakının Binə qəsəbəsindəki "Femida" heykəli qarşısında aksiya keçiriblər.
Xanım fəallar əllərini, ağızlarını bir müddət bağlı saxlayıblar. Onlar daha sonra əllərində "Tofiq bəyə azadlıq" və başqa şüarlar yazılan lövhələr tutublar, onların bəzilər də alınlarına "Azadlıq" yazılan lentlər bağlayıblar.
Buna da bax: T.Yaqublu deyir ki, aclıq aksiyasını psixoloji durumuyla əlaqələndirməyə çalışırlar
Orada çıxış edən xanım fəallardan biri aksiyanın "Femida parkı"nda keçirilməsinin təsadüf olmadığını bildirib: "Əllərimizi, ağzımızı ona görə bağlamışıq ki, ölkədə haqq, ədalət yoxdur. Haqq, ədalət istəyənləri Tofiq Yaqublu kimi həbsə göndərirlər. Ona görə də biz Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik".
Aksiya iştirakçısı olan başqa bir xanım isə bunları deyib: "Biz ona görə aksiyanı burada keçirdik ki, bu ölkədə qanun şah deyil, şah qanundur. Biz azad, ədalətli, cəmiyyət, demokratik cəmiyyət istəyirik. Amma bu indiki hakimiyyətin zamanında mümkün deyil".
Aksiyaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 150 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Hazırda bir neçə fəal isə Müsavat Partiyasının qərargahında T.Yaqubluya dəstək məqsədi ilə aclıq aksiyası keçirdiyini bildirir.
Buna da bax: Deputatın istəyi: 'Hakimiyyət T.Yaqublunun həbsi ilə bağlı qərara yenidən baxsın'
T.Yaqublunun özü də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı açıqlayıb. O bu gün, sentyabrın 8-də vəkili ilə görüşdə də aksiyanı davam etdirdiyini söyləyib.
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.