Bu gün, sentyabrın 8-də vəkil Nemət Kərimli hazırda həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə saxlandığı Şüvəlan istintaq təcridxanasında görüşüb.
Bu barədə vəkil N.Kərimli özü bildirib. Onun deməsinə görə, T.Yaqublu aclıq aksiyasını davam etdirdiyini söyləyib: "Hərəkətlərində çətinliklər yaranıb, dünəndən bu günə yarım kiloqram çəki itirib, amma aclığı dayandırmaq fikri yoxdur".
N.Kərimli əlavə edib ki, Bakının Nizami Rayon Məhkəməsinin T.Yaqublunun azadlıqdan 4 il 3 ay müddətinə məhrum edilməsi barədə qərarı müdafiə tərəfinə hələ verilməyib.
Bir gün əvvəl, sentyabrın 7-də müdafiə tərəfi bildirmişdi ki, sentyabrın 3-ü aclıq aksiyasına başladığı gündən T.Yaqublunun çəkisi 91 kiloqramdan 82 kiloqrama düşüb.
Bütün bu açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
'Aclıq aksiyası davam edir'
Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya dəstək məqsədilə başladığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi deyilir.
Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri olduğunu söyləyən Müsavat Partiyasının fəalı Elman Quliyev danışıb.
Onun sözlərinə görə, aksiyada, hələlik, dörd nəfər iştirak edir: "Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov və mənəm. Hələlik, səhhətimiz normaldır, hər hansı ağırlaşma halı yoxdur".
Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AXCP üzvlərinin bu aksiyaya artıq altı gündür başladıqları bildirilir. E.Quliyevin isə dünən, sentyabrın 7-dən aksiyaya qoşulduğu açıqlanıb.
T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.