Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun köməkçisi Rəşad Abbaslı həbs olunub. Bu barədə AzadlıqRadiosuna partiyadan verilən məlumatda bildirilir ki, Binəqədi Rayon Məhkəməsində R.Abbaslının 30 sutka inzibati həbsi barədə qərar çıxarılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Partiya R.Abbaslıya qarşı polisə müqavimət ittihamının saxta olduğunu iddia edir. Onun həbsi partiyanın fəaliyyəti, onun partiya sədri Ə.İnsanovun köməkçisi olmasıyla əlaqələndirilir.
Ə.İnsanov bildirib ki, R.Abbaslı sentyabrın 5-də günorta saat 14.00 radələrində onunla görüşə gələrkən evinin yaxınlığında mülkigeyimli şəxslər tərəfindən saxlanılıb. Axşam saat 18.00 radələrində ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 Xidməti ilə əlaqə saxlayıb, atası 4-cü polis bölməsinə ərizə yazıb. Amma məlumat ala bilməyiblər. Sentyabrın 7-də öyrəniblər ki, R.Abbaslıya 30 sutka həbs cəzası verilib.
"Siyasi fikir ayrılığına görə insanlara qarşı Azərbaycan iqtidarının amansız repressiyaları artıq gerçəklikdir", – Ə.İnsanov köməkçisinin həbsi barədə açıqlamasında bildirib.
R.Abbaslının həbsi barədə məlumatı Binəqədi Rayon Məhkəməsindəki mənbə də AzadlıqRadiosuna təsdiqləyib: "Məhkəməyə sentyabrın 7-də günorta saat 13.00 radələrində gətirilib. Onun işinə hakim Vüsal Tağıyev baxıb. 30 gün inzibati həbs cəzası təyin edib".
Haqq Ədalət Partiyasının sədri Ə.İnsanov Azərbaycanın keçmiş səhiyyə naziridir. O, 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunsa da, sonradan məhkəmə qarşısına vəzifə cinayətləri ittihamıyla çıxarılıb. Dövlət əmlakının qanunsuz özəlləşdirilməsi, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edilib. 2016-cı ilin avqustunda – cəza müddətinin başa çatmasına az qalmış Ə.İnsanov haqqında psixotrop dərmanlar saxlama və s. ittihamlarla yeni cinayət işi başlanıb və cəza müddəti daha 7 il uzadılıb.
Ə.İnsanov 2019-cu ilin martında prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.
Həbsdən buraxıldıqdan bir müddət sonra partiya yaratmaq qərarı verib. Haqq Ədalət Partiyasının təsis konfransı bu il yanvarın 25-də keçirilib.