Deputatın istəyi: 'Hakimiyyət T.Yaqublunun həbsi ilə bağlı qərara yenidən baxsın'

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi

Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona hökm oxunan gün aclıq aksiyasına başladığını açıqlayıb. O, sentyabrın 5-də telefonla ailəsi ilə əlaqə saxlarkən də aclıq aksiyasını davam etdirdiyini açıqlayıb.

Siyasətçinin hazırkı durumu ilə bağlı, hələlik, Penitensiar Xidmətlə danışmaq mümkün olmayıb.

S.Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı isə "Turan" agentliyinə deyib ki, T.Yaqublu Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan şəxslərdəndir:

Buna da bax: T.Yaqublu deyir ki, aclıq aksiyasını psixoloji durumuyla əlaqələndirməyə çalışırlar

"Həbsxanaları niyə doldururuq?"

"Hər halda T.Yaqublu Qarabağ qazisidir. Bəlli bir tərcümeyi-halı, keçdiyi yol var. Ona görə, məişətdə hər hansı qəza hadisəsi ilə bağlı belə adamların həbsini qətiyyətlə pisləyirəm və bunu qəbul etmirəm. Nə baş verib, axı? Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Cərimə ilə keçinmək olardı. Maddi tərəfdən qarşılığı ödənilə bilərdi. Bununla məsələ bağlanardı. Belə adamları hər xırda hadisəyə görə həbsxanalara doldurmaq metod və üsulu, ümumiyyətlə, qəbul etmirəm".

Deputat həbsə etiraz olaraq T.Yaqublunun aclıq aksiyası keçirməsini haqlı saysa da, səhhətinə ziyan vura biləcəyindən onun dayandırılmasını istəyir. S.Rüstəmxanlının vurğulamasına görə, çox istərdi ki, hakimiyyət orqanları T.Yaqublunun həbsi ilə bağlı məhkəmənin qəbul etdiyi qərara yenidən baxsın: "Belə məsələdə cəmiyyətin rəyi də, ictimaiyyətin fikri də nəzərə alınmalıdır".

A.Məmmədli

"Aksiya keçirmək haqqıdır, amma..."

Hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli isə hesab edir ki, insanların həbsxanada hansısa qanunsuzluğa etiraz olaraq addımlar atmaq, aksiya keçirmək imkanları məhduddur.

Buna da bax: Stefan Şennak: 'Azərbaycanda insan haqları təhlükədədir'

"Adam özünün hüquqlarını bu şəkildə müdafiə etmək istəyir. Əlbəttə, yaxşı olardı ki, T.Yaqublu aclıq aksiyasına qoşulmasın, bu, səhhətində xüsusi fəsadlar törədə bilər. Nəzərə alsaq ki, onun allergik astma kimi xroniki xəstəliyi var və ondan əziyyət çəkir", - o, AzadlıqRadiosuna söyləyib.

A.Məmmədliyə görə, digər tərəfdən, hakimiyyət də anlamalıdır ki, bu şəxs cəmiyyətdə ciddi nüfuza malikdir, cəmiyyətin əksər hissəsi baş vermiş olayda onu günahsız sayır: "Odur ki, bu şəxsə qarşı hakimiyyət həbs davranışına yenidən baxmalıdır. T.Yaqublu ilə bağlı apellyasiya məhkəməsi mərhələsi başlamalıdır, yəqin ki, şikayət də veriləcək. Apellyasiya məhkəməsi mərhələsində verilmiş qərarın müsbətə doğru dəyişdirilməsi ilə bağlı addım atıla bilər. Hər halda, bütün hüquqi və siyasi imkanlar onların tərəfindədir və bunu edə bilərlər".

Amma hakim Yeni Azərbaycan Partiyası (YAP) təmsilçiləri heç də belə düşünmürlər.

M.Həsənova

"Ancaq onu bilirəm ki,..."

Həmin partiyadan olan deputat Məlahət Həsənova isə T.Yaqublunun həbsi ilə bağlı bunları demişdi:

Buna da bax: 4 il 3 ay həbs alan T.Yaqublunun qızı: 'Hökm çıxaran prezident İlham Əliyevdir'

"Mən məhkəmənin işinə müdaxilə edə bilmərəm. Ancaq onu bilirəm ki, Azərbaycan qanunvericiliyi pozulmasa, kimsə məsuliyyətə cəlb oluna bilməz. Baxın, son vaxtlar hakim partiyadan nə qədər yerli təşkilat sədri, şura üzvü həbs olundu. Əgər həmin adamlar cinayət törədibsə, dövlət əmlakını dağıdıbsa, sadə adamların pulunu mənimsəyibsə, ona bəraət yoxdur. Adamlar partiyanın adını ləkələyibsə, bəraət yoxdur. Hamı qanun qarşısında bərabərdir, xüsusilə hakim partiya üzvləri daha çox məsuliyyət daşıyır, çünki xalq onların iqtidar olmasına səs verib".

Xatırlatma

Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb. Elə həmin prosesdə T.Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.

T.Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.