Olimpiya oyunları üzrə aparıcı rəsmi deyir ki, Yay Olimpiya oyunları koronavirus pandemiyasının vəziyyətindən asılı olmayaraq gələn il Tokioda keçiriləcək. Bu arada Hindistan dünya üzrə yoluxma sayına görə ikinci yerə çıxıb.
Gələn iyulda Tokio Oyunları “COVID olsa da, olmasa da ” keçiriləcək, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Kouts (John Coates) həftəsonu “AFP” agentliyinə deyib.
“Tunelin sonunda işıq olacaq”
Kouts BOK-un Tokio Oyunları üzrə Koordinasiya Komissiyasının başçısıdır. Oyunlar bu il koronavirus pandemiyasına görə təxirə salınıb.
Buna da bax: ‘Koronavirussuz’ Türkmənistanda xəstəxanalar doludur
2020-ci ilin Tokio Olimpiya oyunları sunaminin vurduğu ziyandan sonra “Bərpa Oyunları” olacaqdı. 2011-ci ildə Yaponiyada zəlzələ və sunami böyük dağıntılar törətmişdi.
“İndi isə bu oyunlar COVID üzərində qələbə, tunelin sonunda işıq olacaq”, – o vurğulayıb.
Yaponiya rəsmiləri artıq aydın şəkildə deyiblər ki, Oyunlar 2021-ci ildən sonraya keçirilməyəcək.
İndiyədək dünyada yeni növ koronavirusa 27 milyondan çox insan yoluxub, 882 mindən çox xəstə vəfat edib.
Son 24 saat ərzində Hindistanda 90 mindən çox yeni yoluxmanın qeydə alınması onu dünya üzrə Birləşmiş Ştatlardan sonra ikinci yerə çıxarıb, yəni Braziliyanı keçib.
Artıq Hindistanda 4,2 milyondan çox, yəni ABŞ-dan 2 milyon az yoluxma halı təsdiqlənib.
Ölkədə yoluxmalar sürətlə artır, bir aya yaxındır dünyada gündəlik ən böyük yoluxma sayı qeydə alınır.
Buna da bax: Ştatlara deyirlər ki, noyabradək vaksini paylamağa hazır olsunlar
Avstraliya vaksinlərə 1,24 milyard dollar xərcləyəcək
Avstraliya sentyabrın 7-də elan edib ki, yanvarda potensial COVID-19 vaksininin ilk partiyalarını əldə edəcək.
Baş nazir Skot Morison (Scott Morrison) deyib ki, hökumət iki vaksinlə bağlı saziş imzalayıb. Biri AstraZeneca şirkətinin Oksford Universiteti ilə hazırladığı, digəri isə CSL laboratoriyalarının Kvinslend Universiteti (University of Queensland) ilə birlikdə hazırladığı dərmandır.
“Avstraliyaya ümid lazımdır. Bu gün avstraliyalıları koronavirus pandemiyasından qorumaq üçün daha bir vacib addım atırıq”, – Morison Kanberada jurnalistlərə deyib.
Səhiyyə naziri Qreq Hantın (Greg Hunt) sözlərinə görə, hər iki vaksinin hazırlanmasına başçılıq edən alimlər dəlilə əsasən bildirir ki, dərmanlar “bir neçə illik qoruma” təklif edəcəklər.
AstraZeneca vaksini hazırda Britaniya, Braziliya və Cənubi Afrikada klinik sınaqların sonuncu mərhələsindədir. Bu, effektli vaksin əldə etmək yarışında öndə gedən dərmandır. Morison deyib ki, CSL dərmanı uğurlu olsa, Avstraliya ondan da alacaq.
CSL vaksini 2020-ci ilin sonunda klinik sınaqların ikinci mərhələsində daxil olur. Yəni, ən tezi 2021-ci ilin ortasında bazara daxil ola bilər.
Hər iki vaksinin klinik sınaqları uğurlu olarsa, Avstraliya 85 milyona yaxın dozaya 1,7 milyard Avstraliya dolları (1,24 milyard ABŞ dolları) xərcləyəcək. Ölkə üzrə indiyədək 26 min 320 yoluxma təsdiqlənib, 762 xəstə vəfat edib.
Avropa ölkələrindən isə Fransa sentyabrın 6-da daha yeddi inzibati ərazini yüksək həyəcan rejiminə keçirib, çünki COVID-19 yoluxmaları sürətlənməkdədir. Hazırda ölkənin 101 inzibati ərazisindən 28-i “qırmızı zona” elan olunub, hakim orqanlar bu ərazilərdə koronavirusa qarşı sərt tədbirlər görə bilərlər.
Ölkədə gündəlik yoluxmalar son günlər 9 minə yaxınlaşır. Martın sonundan Fransada koronavirusdan 30 min 698 nəfər vəfat edib. Yoluxma riskinin artması hökuməti ötən həftə 22 məktəbi bağlamağa məcbur edib.