Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu məlumatı bu gün, avqustun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Qurumdan yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər də vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6137, ötən müddət ərzində isə ümumilikdə 917027 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyon 202 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 847 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.