T.Yaqublunun məhkəməsinə şahid başqa adla gəlib

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublu: 'İlham Əliyev kazinoda olanda mən Qarabağda...'

"Hamı məni Naxçıvanda Cavanşir kimi tanıyır, ona görə məni cinayət işində Cavanşir Novruzov kimi yazıblar, əsl adım isə Novruzdur".

Bunu bu gün, avqustun 26-da Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə növbəti prosesdə şahid Novruz Novruzov bildirib.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun yaxınları məlumat verib. Onların deməsinə görə, şahidin bu sözləri müdafiə tərəfinin vəkillərinin etirazına səbəb olub. Vəkillər vəsatət qaldırıb ki, cinayət işinin materiallarında şahid qismində təqdim edilən Cavanşir Novruzov ifadə versin, məhkəməyə gələn Novruz Novruzov dindirilməsin.

Buna da bax: Tofiq Yaqublu: 'Necə ki, Ramiz Mehdiyevin kürəkəninin…'

Vəkillər vəsatəti bununla əsaslandırıb ki, şahid C.Novruzovun şəxsiyyət vəsiqəsinin surəti işin materiallarında yoxdur və onun əvəzinə başqa adam gələ bilər. Məhkəmə prosesinə sədrlik edən hakim Nəriman Mehdiyev vəsatəti təmin etməyib.

Şahidlərdən Əli Ağayev isə yenidən məhkəmə prosesinə gəlməyib. Keçən prosesdə verilən məlumata görə, o, məhkəməyə teleqram vuraraq iclasa gələ bilməyəcəyini bildirib və bunu xəstə olduğu ilə əsaslandırıb.

Vəkillər isə həmin şahidin prosesə gəlməsinin vacib olduğunu bildirərək onun məhkəməyə gələrək ifadə verməsi ilə bağlı vəsatət veriblər. Onlar bildirib ki, şahidin xəstə olduğunu sübut edən həkim arayışı olmalıdır.

Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Növbəti məhkəmə prosesi avqustun 28-nə təyin edilib.

Buna da bax: Tofiq Yaqublu hakimə: 'Anten məlumatlarını al, bunları ifşa edək'

Xatırlatma

T.Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.