Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağının avqustun 20-də bələdiyyə üzvlüyündən uzaqlaşdırıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna V.Nağı özü məlumat verib. Onun sözlərinə görə, bu qərar V.Nağı Türkiyədə olanda verilib: "Mən iyulun 25-də İstanbula getdim. Mən Türkiyədə olanda bələdiyyə sədri Əlibala Səlimov beş gündən bir iclas yığıb və iclaslara qatılmadığıma görə məni üzvlükdən kənarlaşdırıblar. Halbuki, mən iclaslara qatıla bilmədiyimlə bağlı bələdiyyəyə məktub göndərmişdim".
Buna da bax: Vəfa Nağını cinayət məsuliyyətinə cəlb etmək istəyirlər
"Mən dayanmadan bələdiyyədən sənədlər, iclasların protokollarını tələb etmişəm”
F.Nağı hesab edir ki, onun bələdiyyə üzvlüyündən kənarlaşdırılmasının səbəbi əslində iclaslara qatılmaması deyil: "Mən dayanmadan bələdiyyədən sənədlər, iclasların protokollarını tələb etmişəm. Çünki bələdiyyə üzvünün iclasın protokollarını əldə etmək hüququ var. Amma mənə heç vaxt müxtəlif bəhanələrlə protokollar verilməmişdi. Əslində heç bir iclasın protokolu yoxdur. Mən bunu daima ictimailəşdirirdim deyə, qərara gəliblər ki, məni uzaqlaşdırsınlar".
V.Nağı əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.
Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov da "Turan" agentliyinə V.Nağının bələdiyyə üzvlüyündən kənarlaşdırılmasını təsdiqləyib. O qeyd etdi ki, "Bələdiyyələr haqqında" Qanunun 22-ci maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyənin iclaslarına üzrlü səbəb olmadan üç dəfə gəlməyən üzv üzvlükdən kənarlaşdırılır:
Buna da bax: İstanbulda təhsil aldı, qayıdıb Netçalada qadınlar üçün iş yeri açdı
"Vəfa xanım heç kəsə məlumat vermədən dörd dəfə iclasa gəlməyib"
"Hər iclasdan beş gün qabaq yazılı surətdə poçt vasitəsilə Vəfa xanıma və başqalarına biz müraciət etmişik, bildirmişik ki, iclas olacaq. Buna baxmayaraq, Vəfa xanım heç kəsə məlumat vermədən dörd dəfə iclasa gəlməyib. Komissiya bu məsələni gündəliyə daxil etdi. Bələdiyyə üzvləri məsələyə baxıb və səs çoxluğu ilə Vəfa Nağıyeva (Nağı) bələdiyyə üzvlüyündən kənarlaşdırıldı".
Ə.Səlimov vurğulayıb ki, V.Nağının iclaslara gələ bilməyəcəyi barədə məktubunu almayıb.
Xatırlatma
Buna qədər Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü (artıq keçmiş), ictimai fəal V.Nağının cinayət məsuliyyətinə cəlb edilməsi də tələb olunurdu. Bu məqsədlə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılıb. V.Nağının cəzalandırılmasını istəyən isə uzun müddətdir aralarında problem olan Xol Qaraqaşlı bələdiyyəsinin sədri Ə.Səlimovdur. V.Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması istənilir.
Buna da bax: O qızı alan olmayacaq...
Bələdiyyə sədri iddia edir ki, V.Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb.
Amma qarşı tərəf də bununla razı deyil.
Azərbaycanda son bələdiyyə seçkiləri ötən il dekabrın 23-də keçirilib. V.Nağı bələdiyyə üzvü seçildikdən sonra sədr Ə.Səlimov barəsində müxtəlif instansiyalara 60-dan çox şikayət yazdığını bildirmişdi. Onun sözlərinə görə, bələdiyyədə korrupsiya faktları mövcuddur, lakin o faktlar araşdırılmır. V.Nağı iddia edir ki, maliyyə hesabatını tələb etdiyinə görə kənddə ona qarşı şantaja başlayıblar, şəkillərini hər yerə yapışdırıblar.
Ə.Səlimov isə ittihamlarla razılaşmırdı. O bildirmişdi ki, bələdiyyə üzvü V.Nağıya qarşı heç bir qanunsuzluğa yol verməyib.