Bir qrup şikayətçi bu gün, avqustun 21-də Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib.
Şikayətçilər bildirib ki, 2014-16-ci illərdə "Əzizbəy KM" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) ev alıblar və ilkin ödəniş kimi 30-40 min manat ödəyiblər. Onların sözlərinə görə, lakin mənzillər onlara verilməyib, çünki bir mənzil beş nəfərə satılıb: "Baxmayaraq ki, artıq bu MMC ilə bağlı araşdırma aparılırdı, 2016-cı ilə qədər mənzilləri "sataraq" insanları aldatmağa davam edirdilər. Deməli, bunların arxasında kimsə olub. Biz 30 ailə zərərçəkmiş insanlarıq, dəfələrlə Prezident Administrasiyasına müraciət etmişik, bir il əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məktub yazmışıq, lakin məktubumuza cavab verməyiblər, qəbula çağırmadılar. Həmin qrupun məhkəməsi bitib, üç nəfərin üçü də həbs olunub".
Buna da bax: 33 nəfər ev almaq istərkən pulunu da itirib
Şikayətçilərin vurğulamasına görə, amma onlara dəyən zərər kompensasiya edilməyib: "30 ailədən 15-i kirayədə qalır. Bizim bu problemimizlə hara gedirik məşğul olan yoxdur. Əgər vətəndaş vəzifəli şəxs tərəfindən aldadılıbsa, ona dəymiş zərəri dövlət qarşılamalıdır. Lakin bizə iki həftə əvvəl burada dedilər ki, bu onlara aid məsələ deyil və kömək edə bilməyəcəklər. Biz indi bura ondan ötrü gəlmişik ki, rəsmi qaydada bura məktub vermişik, həmin məktuba rəsmi cavab alaq. Bizim bir əlacımız qalır ki, gedək səfirliklərin birinə, sığınacaq istəyək".
Bir müddət sonra Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən etirazçılara bildirilib ki, onlar qəbul ediləcək. Qəbuldan çıxan vətəndaşlar isə sonradan bildirib ki, onlara yenə də kömək edə bilməyəcəkləri deyilib. "Bizə dedilər ki, çıxarışı olmayan binadan niyə mənzil alırdınız? Biz çox narazıyıq", - şikayətçilərdən biri vurğulayıb.
Aksiya insidentsiz başa çatıb.
Buna da bax: MİS balansından ucuz ev almaq istəyənlər belə aldandılar
Baş Prokurorluqdan cavab
Baş Prokurorluğun mətbuat xidmətin rəhbəri Günay Səlimzadə isə "Turan" agentliyinə bildirib ki, vətəndaşlara dəymiş ziyanın kim tərəfindən ödənilməli olması ilə bağlı dəqiq heç nə deyə bilməz: "Əgər istintaq zamanı müstəntiqlər təqsirləndirilən şəxslərə dəymiş ziyanı ödətdirə bilirlərsə, o ödənilir. Onu heç kim birmənalı deyə bilməz ki, bu pullar hamısı qaytarılacaq, ya qaytarılmayacaq. Bu, tutulan şəxslərin maddi vəziyyətindən, ödəmə qabiliyyətindən də asılıdır. İstintaq orqanı əlindən gələni edir ki, ödəmələr vətəndaşların xeyrinə edilsin".
Məsələyə "Əzizbəy KM" MMC-dən isə, hələlik, münasibət almaq mümkün olmayıb.