Ali Məhkəmə AXCP fəalının ruhi dispanserə salınmasına haqq qazandırdı

A.Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, sosial şəbəkələrdəki çıxışlarında hökumətdən uşaqpulu tələb edən Aqil Hümbətovun psixiatriya xəstəxanasına salınmasını Ali Məhkəmə də haqlı sayıb. İyulun 21-də A.Hümbətovun şikayətinə baxan Ali Məhkəmə onu təmin etməyib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin AXCP fəalının məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə aprelin 2-də çıxardığı qərardan verilmişdi. A.Hümbətovun şikayətində göstərilib ki, məcburi şəkildə ora yerləşdirilməsi siyasi sifarişdir. Səbəb də sosial şəbəkələrdəki tənqidi çıxışları, hökumətin ünvanına səsləndirdiyi ittihamlardır. A.Hümbətova qarşı baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə, ləyaqəti alçaldan, qeyri-insani rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq), 6 (ədalətli məhkəmə araşdırması), 8 (şəxsi həyata hörmət) və 14-cü (ayrıseçkiliyə məruz qalmamaq) maddələrinin pozuntusu kimi tanınması istənilib.

Buna da bax: Ruhi-əsəb xəstəxanasına salınan cəbhəçi haqda qərar bir gündə necə dəyişib

Şikayət aprel ayında verilib və həmin vaxt A.Hümbətov Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında saxlanılırdı. Ona görə Ali Məhkəməyə kassasiya şikayətində həm də onun oradan azadlığa buraxılması da istənilirdi. A.Hümbətov isə bu şikayətə baxılana qədər – iyulun 1-də oradan buraxılıb.

Ələsgər Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini təmin etməsə də, səbəbi əsaslandırmayıb.

A.Hümbətovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, bu iş üzrə artıq Avropa Məhkəməsinə şikayət göndərilib: "Müvəqqəti məcburiyyət tədbiri kimi, Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, ərizə ilə Avropa Məhkəməsinə müraciət etmişdim. Müəyyən sənədləri tələb etdilər, göndərdik. Hazırda adi şikayət qaydasında icraat davam edir. Ali Məhkəmənin qərarını da alıb göndərəcəyik. Həm də biləcəyik ki, hansı əsasla şikayətimiz təmin olunmadı".

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi.

Buna da bax: AXCP fəalının xeyrinə qərar çıxaran hakim: 'Daha sərbəst olmaq...'

Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərar çıxaran hakim Samir Talıbov bundan az sonra vəzifəsindən çıxarılıb. S.Talıbov öz ərizəsi ilə hakimlikdən getdiyini desə də, ona yaxın mənbə AzadlıqRadiosuna sözügedən qərara görə bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.