Cümə günü Brüsseldə Avropa Birliyinin iki günlük təcili sammiti başlayıb. 27 üzv dövlətin liderləri qarşıdakı yeddi il üçün ortaq iqtisadi bərpa planı və birlik büdcəsi üzərində razılaşmağa çalışırlar. Beynəlxalq Fransa radiosunun məlumatına görə, 1.8 trilyon avro yardımdan gedir ki, bu da AB tarixində görünməmiş bir məbləğ hesab edilir. Fransa Prezidenti Emmanuel Makron Brüssel sammitini Avropa üçün "həqiqət anı" adlandırıb. Makron AB-dəki vəziyyəti "səhiyyə, iqtisadiyyat və sosial sahələr üçün görünməmiş böhran" kimi qiymətləndirir.
Fransa liderinin fikrincə, vahid mövqe iqtisadi bərpa və Avropa Birliyinin texnoloji, sənaye və ekoloji suverenliyə nail olmasında mühüm rol oynayacaq. Emmanuel Macron bu fikri Twitter hesabında olan qonaqlar ilə bölüşüb.