Həcc ziyarəti olmayacaq?

Kəbə

Səudiyyə Ərəbistanı bildirib ki, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə bu il xarici zəvvarlar Həcc ziyarəti edə bilməyəcəklər.

Krallığın Həcc və Ümrə Nazirliyi iyunun 22-də bəyan edib ki, yalnız hazırda Səudiyyədə olan çox məhdud sayda xarici vətəndaş Həcc ziyarəti edə biləcək.

Azərbaycanda Həcc mərasimini təşkil edən Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) isə bildirirlər ki, bu barədə Səudiyyə Ərəbistanı tərəfindən son zamanlar hər hansı məlumat almayıblar: "Amma bu il Həcc ziyarətinin dünya müsəlman ölkələri zəvvarlarının iştirakı ilə keçirilə bilməməsi ehtimalı böyük görünür".

QMİ-dən onu da vurğulayıblar ki, Həcc ziyarətinə aid toplanmış vəsaitlərin məsələsi ilə bağlı da İdarədə müzakirələr gözlənilir.

2020-ci ildə Həcc ziyarətinin iyulun 20-də başlayaraq avqustun 15-nə kimi davam edəcəyi gözlənilirdi.

Xatırlatma

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu yanvarın 24-dən başlanmışdı.

QMİ-dən bir müddət əvvəl verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1500 nəfər təşkil edir. Ziyarətin qiymətinin isə 4490 ABŞ dolları olacağı bildirilirdi.

2019-cu ildə bir nəfər üçün Həcc ziyarətinin 4225 dollar olduğu açıqlanmışdı. 2018-ci ildə isə bu, 4150 dollar müəyyən edilmişdi.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.