ABŞ-da mənzillənən “The Washington Post” qəzeti fevralın 25-də “Azərbaycanda səyahət qadağası və saxta seçki” adlı redaksiya məqaləsi dərc edib.
Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev qisasçılıq və repressiyadan istifadə edir. Qəzetin yazmasına görə, hakim elita ölkədən gizli yollarla pul çıxararaq avropalı siyasətçiləri satın alır, dəbdəbəli mallar əldə edir, çirkli pul yuyur. Eyni zamanda ölkədə jurnalistlər və insan haqları fəalları susdurulur. “İndi o (İlham Əliyev) ailəsinin sərvətini araşdırmış jurnalistlərdən birini – Xədicə İsmayılovanı cəzalandırmaqda davam edir, eyni zamanda saxta parlament seçkisi keçirir”, – qəzet yazır.
Buna da bax: Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanı götürməyə çağırıblarJurnalist niyə cəzalandırılır
2014-cü il dekabrın 5-də həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.
Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.
Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan müddətin ləğvini tələb edir.
Qəzet jurnalistin məhz yüksək səviyyədə korrupsiya və qohumbazlığı araşdırdığına görə həbs olunduğunu vurğulayır. 2017-ci ildə ortaya qoyulmuş beynəlxalq araşdırma isə Azərbaycandan 2,9 milyard dolların saxta şirkətlər vasitəsilə çıxarıldığını, həmin puldan azı 3 avropalı siyasətçiyə, rejimə loyal münasibət də olan jurnalistə verildiyini ifşa etmişdi.
Buna da bax: AŞPA-dan ‘pulyuyan maşın’ qətnaməsiHakimiyyət təmsilçiləri yüksək eşalonlarda korrupsiyayla bağlı deyilənləri qəbul etmir, ölkədə bu sahədə dövlət səviyyəsində mübarizə aparıldığını deyirlər. Məsələn, “Azərbaycanın pulyuyan maşını” araşdırmasında adı keçən deputat Cavanşir Feyziyev həmin araşdırmanın aparmışMütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) icraçı direktoru və həmtəsisçisi Paul Radunu Londonda məhkəməyə verib, onu böhtan atmaqda suçlayır.
“The Washington Post” Azərbaycan Ali Məhkəməsinin “şübhəsiz cənab Əliyevin adından” hərəkət edərək Xədicə İsmayılovaya səyahət qadağasını ləğv etmədiyini yazır. Jurnalist mənimsəməyə görə məhkum edilmiş keçmiş məmurların şərti cəzasının dördcə aydan sonra qaldırıldığını deyib. Ancaq məhkəmə “onun işinin xüsusi olması” qənaətinə gəlib.
“Biz də onun işinin xüsusi olduğunu düşünürük: cəsarətli jurnalist əsl demokratik idealları gerçəkləşdirməyə çalışır, ifadə azadlığına, hüququn aliliyinə azacıq dözümlülüyü olmayan rejimdə güclülərdən hesabat tələb edir”, – məqalədə deyilir.
Buna da bax: Seçki pozuntularına görə həbslər ola bilərmi?“Avtokratik idarəçilik modeli bir daha...”
“Fevralın 9-da keçirilən parlament seçkisində Əliyevin avtokratik idarəçilik modeli bir daha göstəriyə çıxarılmışdı, onun hakim Yeni Azərbaycan Partiyası 125 yerlik müti parlamentdə yerlərinin sayını artırdı. Bu, azad və ədalətli deyildi. ATƏT bildirib ki, ‘məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit əsl rəqabəti əngəlləyib’, ‘real siyasi müzakirələrin olmaması səbəbindən seçicilər mənalı seçimlə təmin olunmayıblar’”, – qəzet yazır.
Hakimiyyət 9 fevral seçkisinə beynəlxalq müşahidəçi rəyini birmənalı qəbul etməyib. Prezident İlham Əliyev seçkidən bir neçə gün sonra deyirdi ki, seçki qanunvericilik çərçivəsində, rəqabət şəraitində keçib. «O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik…», – prezident vurğulayırdı.
Ancaq sonradan dövlət başçısı ATƏT-in hesabatının əvvəlki dövrlərə nisbətən daha obyektiv olduğunu, pozuntuların ciddi araşdırılacağını, pozuntulara yol vermiş şəxslərin cəzalandırılacağını dedi. Bundan sonra MSK 4 dairədə nəticələri ləğv elədi.
Müxalifət və müstəqil cəbhəni təmsil edən namizədlər seçkinin nəticələrinin total saxtalaşdırıldığını deyir, bütün dairələrin nəticələrinin ləğvini tələb edirlər. Hakimiyyət isə bu iddiaları qəbul etmir.