ABŞ prezidenti Donald Trump özünü, onun xarici liderlərdən biri ilə telefon danışığı ilə bağlı bir kəşfiyyatçının şikayətindən müdafiə edib.
Trump sentyabrın 20-də heç bir ölkənin adını çəkmədən yazdığı tvitdə qeyd edir ki, bu “tamamilə normal və nəzakətli” bir söhbət olub.
Müxbirlərlə söhbət edən Trump avqust ayında verilmiş rəsmi şikayəti “axmaq” adlandırıb və demokratları nəzərdə tutaraq əlavə edib ki, ondan şikayət edən “partiya təəssübkeşi kəşfiyyatçıdır”.
Demokratlar hökumətin kəşfiyyata nəzarət edən qurumunun “ciddi” və “təcili” adlandırdığı şikayətin Konqresə verilməsinə çalışırlar.
Məsələdən xəbərdar mənbələrə istinad edən The Washington Post və The New York Times qəzetləri sentaybrın 19-da yazmışdılar ki, kəşfiyyatçının bəzi iddiaları, belə görünür, Ukrayna üzərində cəmləşir.
The Washington Post-un ABŞ-ın iki keçmiş rəsmisinə istinadən yazdığına görə, Trump-ın telefon söhbəti zamanı bir xarici liderə verdiyi “vəd” o qədər narahatlıq doğurub ki, Ağ Evdə işləyən kəşfiyyat nümayəndəsi kəşfiyyat icmasının baş müfəttişinə bu barədə yazılı şikayət verib.
Məqalədə deyilir ki, bu şikayətdən iki həftə yarım əvvəl Trump Ukraynanın yenicə seçilmiş prezidenti Volodymyr Zelenkskiy ilə söhbət etmişdi.
Nümayəndələr Palatasındakı demokratlar bu barədə artıq təhqiqata başlayıblar.
Təhqiqatdan məqsəd Trump və onun vəkili Rudy Giuliani-nin 2020-ci il ABŞ seçkisi ilə bağlı Ukrayna hökumətinə təsir edərək Trump-ın bu seçkidəki demokrat rəqibi Joe Biden-in oğlu barədə təhqiqat başlanmasına nail olmağa çalıb-çalışmadıqlarının aşkara çıxarılmasıdır.
Joe Biden-in oğlu Ukraynada bizneslə məşğul olub.
Bu arada xəbər verilir ki, ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə ilk dəfə olaraq gələn həftə görüşəcəklər.
Ağ Ev iki liderin Nyu Yorkda BMT Baş Assambleyasının kuluarlarında görüşəcəyini təsdiqləyib.
***
Dünən – sentyabrın 19-da ABŞ-ın kəşfiyyat qurumu konqresmenləri Prezident Donald Trump-dan şikayətin araşdırılması haqda bilgiləndirib. Söhbət prezidentin iddia olunan davranışından bir kəşfiyyat rəsmisinin verdiyi şikayətdən gedir. “Frans Pres” agentliyi Konqresin aparıcı Demokrat üzvünün administrasiyanın sözügedən şikayəti Konqreslə paylaşmaq istəməməsindən narahatlıq bildirdiyini yazır.
“The Washington Post” qəzeti adını çəkmədiyi iki keçmiş ABŞ rəsmisinə istinadla yazıb ki, kəşfiyyat rəsmisinin irəli sürdüyü şikayət Trump-ın xarici bir liderlə kommunikasiyası ilə bağlıdır, guya orada prezident nəsə bir “vəd” verib.
Qəzet xarici liderin kimliyini açıqlamayıb.
Trump-ın “prezidentə qısnama” adlandırdığı iddialar konqresmenlərlə Milli Kəşfiyyat Direktorunu üz-üz gətirib. Qurumun detalları paylaşmaqdan imtinası baş kəşfiyyat rəsmisinin prezidenti qoruması sarıdan şübhələrə yol açıb.
Buna da bax: Nüvə müharibəsi bir neçə saata 34 milyon insanı məhv edər – Qərb mediasıPrezident agentlərin onu dinlədiyini bilir
İnformasiya ötürən kəşfiyyat məmuru şikayəti kəşfiyyat icmasının baş müfəttişi Michael Atkinson-a təqdim edib. Atkinson isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində üç saatlıq qapalı brifinq zamanı deyib ki, Milli Kəşfiyyatın Direktoru vəzifəsini icra edən Joseph Maguire ona şikayətin detallarını Konqresə təqdim etməyi yasaqlayıb.
Komitənin demokrat sədri Adam Schiff jurnalistlərə bu qərarın məyusluq yaratdığını söyləyib.
“Sualımıza cavab ala bilmədiyimizdən Ağ evin də informasiyanın Konqresə verilməsini önləməkdə iştirak edib-etmədiyini bilmirik”, – o vurğulayıb.
Joseph Maguire sentyabrın 26-da bu şikayətlə bağlı sualları açıq şəkildə cavablandırmalıdır.
Buna da bax: Gürcüstanda Qərbin dostları ‘atəş altında’Trump isə bütün bu əhvalatı Twitter-də “saxta xəbər” adlandırıb. O qeyd edib ki, xarici liderlərlə hər dəfə telefonla danışanda ABŞ agentliklərindən “xeyli adamın” onu dinlədiyini yaxşı bilir.
“Bütün bunları bilə-bilə kimsə səfehcəsinə inana bilər ki, 'belə çox adamın qatıldığı' zəng vaxtı xarici liderə qeydi-adekvat nəsə deyə bilərəm?” – prezident yazıb.
“The Washington Post” yazıb ki, bu şikayətdən öncəki beş həftə ərzində Trump azı beş xarici liderlə əlaqə saxlayıb. O, iyulun 31-də Rusiya Prezidenti Vladimir Putin-lə telefonla danışıb. Bu müddət ərzində o, Pakistan və Niderlandın baş nazirləri, Qətərin əmiri ilə görüşüb, Şimali Koreya lideri Kim Jong Un-dan iki məktub alıb.
Trump prezidentliyə keçəndən ölkənin kəşfiyyat cameəsi ilə münasibətləri hamar getməyib, onların işini tez-tez tənqid edib.