İndiki tendensiyalar dəyişməsə, 2030-cu ilədək dünyada yeniyetmə qızlar 70 milyondan çox uşaq dünyaya gətirəcək. Bunu “Save the Children” təşkilatı 2019-cu il Qlobal Uşaqlıq Hesabatında bildirir.
Təşkilat 176 ölkədə uşaqların tibbi xidmətə çıxışını, təhsilini, qidalanmasını, uşaq əməyi və erkən nikah kimi zərərli təcrübələrdən qorunmasını öyrənib.
Hesabat üzə çıxarıb ki, Qərbi və Mərkəzi Afrikada uşaqların beş yaşına çatmamış ölməsi 2000-ci ildən bəri 47 faiz azalıb. Bu gün Qərbi və Mərkəzi Afrikada doğulan uşaqlar tarixin istənilən dönəmi ilə müqayisədə daha çox sağ qalırlar.
Azərbaycanda uşaq əməyi “azalır”
1 iyun Beynəlxalq Uşaq Günü ərəfəsində açıqlanan hesabatda “Uşaqlığın Sonu İndeksi” də yer alıb. Bu indeks dünyada uşaqların uşaqlıq dövrünün qorunmasında nəzərəçarpan proqres əldə etdiyini üzə çıxarıb. Buna güclü siyasi liderlik, sosial sərmayələr, BMT-nin Minilliyin İnkişaf Məqsədləri sayəsində nail olunduğu vurğulanır.
Azərbaycan Uşaqlığın Sonu İndeksində 89-cu yeri tutub. Yəni bu, bəzi uşaqların uşaqlıq dövründən məhrum olması deməkdir. Ermənistan (61), Gürcüstan (73) da bu kateqoriyada yer alıb. 38-ci yeri tutan Rusiyada isə bu cür uşaqların daha az olduğu bildirilir.
Xeyli sayda uşağın uşaqlığından məhrum olunduğu ölkələr içində isə Pakistan (149), Əfqanıstan (158) yer alıb.
Uşaqlığın ən yaxşı qorunduğu ilk 3 ölkə Sinqapur, İsveç, Finlandiya, ən çox təhlükədə olduğu ölkələr isə Çad, Niger və Mərkəzi Afrika Respublikasıdır.
Hesabatda Azərbaycanın adı uşaq əməyinin azaldıldığı ölkələr sırasında çəkilir. Qeyd olunur ki, Azərbaycan, Belarus, Moldova və Ukrayna 5-14 yaşlılar arasında əmək göstəricisini 60 faizdən çox azaldıblar.