Əvəz Zeynallı keçmiş deputata görə dindirilib

Ə.Zeynallı

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün, mayın 23-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Onu prokurorluğa həbsdəki keçmiş deputat Hüseyn Abdullayevə açılmış cinayət işinin istintaqı çərçivəsində şahid qismində dəvət ediblər.

Bu haqda jurnalistin özü prokurorluqdan çıxdıqdan sonra «Turan» agentliyinə məlumat verib.

Prokurorluqda onunla mədəni davranıldığını qeyd edən Ə.Zeynallı ona peşə fəaliyyəti ilə bağlı suallar verildiyini bildirib.

«Hüseyn Abdullayevlə bağlı cinayət işinə görə dəvət etmişdilər. Məndən soruşdular ki, onunla dostluq əlaqələrim olubmu, görüşlərimiz olubmu və sairə... Rəhbəri olduğum saytda Hüseyn Abdullayevin yazıları yayılıb. 2016-cı ildə Hüseyn Abdullayev mənə zəng edib. Niyə zəng etdiyini soruşurdular», - deyən Ə.Zeynallı istintaqdan narazılıq edib.

«Hüseyn Abdullayev ictimai-siyasi fiqurdur, yazıları, mövqeyi zaman-zaman maraq doğurub. Mən də diqqətimi çəkənləri dərc etmişəm və dərc etdiklərim də saytda durur. Bu yazılar bəzən Hüseyn Abdullayevin özünün xahişi ilə də olub və bu, çox normaldır. Bizə gündə onlarla adam zəng edir və dərdini-sərini işıqlandırmağı, yazılarını dərc etməyi xahiş edir, bundan normal nə ola bilər? İndi onun fikirlərini yaymış bütün jurnalistlər, redaktorlar dindirilməlidirmi, belə istintaqmı olar?», - Ə.Zeynallı vurğulayıb.

Baş Prokurorluq jurnalistin dindirilməsi ilə bağlı rəsmi məlumat yaymayıb. Qurumdan jurnalistin dediklərinə münasibət almaq da mümkün olmayıb.

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub. 2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan Ə.Zeynallı o zaman bütün ittihamları rədd etmişdi. O, 2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Xatırlatma

Keçmiş deputat H.Abdullayev isə bu ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana gətirilib. Vergilər və Daxili İşlər nazirliklərinin Baş Prokurorluqla birgə məlumatına görə, keçmiş deputat dələduzluqda, hədə-qorxu ilə tələb etmədə, vergidən yayınmada və qanunsuz sahibkarlıqda ittiham olunur.

H.Abdullayevin bu ittihamlara münasibəti ictimaiyyətə məlum deyil. Onun vəkilləri də ittihamları şərh etməyiblər.

2007-ci il martın 16-da deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, deputatlar əlbəyaxa olmuşdu. Bundan sonra mandatı əlindən alınan Abdullayev daha sonra həbs olunmuşu.

Elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxıb. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.