Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın bank hesabına həbs qoyulması məsələsinə baxılıb. Hesabının üzərindən həbsin götürülməsini istəyən jurnalistin apellyasiya şikayətini Səriyyə Seyidovanın sədrlik etdiyi hakimlər kollegiyası təmin etməyib.
Məhkəmədə X.İsmayıl və nümayəndəsi Yalçın İmanov iştirak edib.
X.İsmayıl bank hesabına həbs qoyulmasından noyabrın 14-də xəbər tutub. Məlum olub ki, noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə onun «Kapital Bank»dakı hesabına həbs qoyulub.
Jurnalist həmin qərardan 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib. Amma onun iddiası təmin olunmayıb. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.
X.İsmayıl son illərdə bir neçə mükafata layiq görülüb. Jurnalistin sözlərinə görə, pul mükafatları onun «Kapital Bank»dakı hesabına göndərilib. O, hesabı üzərinə həbsin həmin vəsait daxil olduqdan sonra qoyulduğunu düşünür. X.İsmayıl bu səbəbdən qalibi olduğu pul mükafatlarının bir neçəsini ala bilmədiyini deyir.
«UNESCO-nun mükafatı göndərilərkən də problemlə qarşılaşmışdım. O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi. Məlum idi ki, sifariş verilib. Nəhayət, UNESCO-ya şikayət etdim və «Kapital Bank»da hesab aça bildim. Mükafatımı hissə-hissə ala bildim. İndi isə son iki mükafatımın hissə-hissə göndərilməsini xahiş etmişdim. Mükafatın bir hissəsini göndəriblər və bu zaman bank hesabıma həbs qoydular», – X. İsmayıl bildirib.
Xatırlatma
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi.
Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.
X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.
Məhkəmə ona ittiham olunduğu iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) - üzrə bəraət verib.
Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) - üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.