Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin dərman vasitələrinin, kosmetik preparatların saxta istehsalı və satışı hallarının müəyyən edilməsi məqsədilə əməliyyat keçirdiyi bildirilir. Əməliyyatın vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında keçirildiyi qeyd edilir.
Bu haqda Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında yazılır.
Prokurorluq bildirib ki, əməliyyat-axtarış tədbirləri “Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) ofisləri, anbarlarında aparılıb.
Prokurorluğun məlumatında vurğulanıb ki, “Hayal Estetika və Məsləhətçilik” MMC-nin rəhbəri Akif Saqiyev olub. Verilən məlumata görə, həmin müəssisənin ofisində aparılan axtarış zamanı ordan mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, dərman həblərinin etiketləri, 13.337 manat, 2.355 ABŞ dollar və 127 avro götürülüb.
Buna da bax: Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?
İrina Rzayevanın təsisçisi olduğu “Bioderm” MMC-nin fəaliyyətində də qanunsuluq aşkar edildiyi iddia olunur.
Prokurorluq bildirir ki, qeyd edilən faktlarla əlaqədar olaraq “Hayal Estetika və Məsləhətçilik”in rəhbəri Akif Saqiyev və “Bioderm” MMC-nin faktiki direktoru Aqil Məhərrəmli barəsində cinayət işi açılıb. Onlar Cinayət Məcəlləsinin 200-1.2.3 ( Dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunurlar. A.Saqiyev barəsində həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirlərinin seçildiyi bildirilir.
Buna da bax: Dərman reklamına yasaq gəlir
Prokurorluq istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini qeyd edir.
Ancaq bu açıqlamaya, hələlik, A.Saqiyevin, A. Məhərrəmlinin, onların vəkillərinin və məsələ ilə bağlı başqa məsul şəxslərin münasibətini almaq mümkün olmayıb.