Əli İnsanov ev dustaqlığına buraxılmadı

Keçmiş səhiyyə naziri Əli İnsanov.

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılmamasını qanuni sayıb.

Məhkəmə bu qərarı fevralın 28-də çıxarıb.

Ötən həftə keçmiş nazirin vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət vermişdilər.

Buna da bax:​ Əli İnsanovun qarajı haqda yeni hökm

Vəkillər məhkəmədə həm də prezident İlham Əliyevin fevralın 10-da imzaladığı, daha yüngül cəzaların verilməsini nəzərdə tutan sərəncama istinad etmişdilər. Ancaq Qaradağ rayon Məhkəməsi vəsatəti rədd etmişdi.

Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

Müdafiə tərəfi iş üzrə hüquqi prosedurları davam etdirəcək.

Buna da bax: Cəmil Həsənli Əli İnsanovu müdafiə etdi

Xatırlatma

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə suçlanaraq, 11 il həbs cəzası alıb.

Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda ona yenidən cinayət işi açılıb. Keçmiş nazir bu dəfə həbsxana əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.

Buna da bax:​ Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi

O, ötən il avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır. Sonradan həbs müddəti məhkəməyə qədər yenidən artırılıb.

Əli İnsanov ittihamı qəbul etmir və yeni cinayət işinin onu həbsdən buraxmamaq məqsədilə dövlət başçısının sifarişi ilə açıldığını bildirir.