Əli İnsanov ev dustaqlığına buraxılmadı

Əli İnsanov

Fevralın 23-də Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılması haqda vəkilləri Toğrul BabayevAğaveyis Şahverdinin vəsatətinə baxılıb. Bu barədə AzadlıqRadiosu-na keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Əli İnsanov məhkəməyə məktub göndərərək, prosesdə iştirak etmək istəmədiyini bildirib.

Buna da bax:​ Əli İnsanovun qarajı haqda yeni hökm

Keçmiş nazirin vəkilləri məhkəmə çıxışlarında prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncama istinad ediblər.

“Bu qərar həm qanunun, həm də prezident sərəncamının pozulmasıdır”

“Həmin sərəncamda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətdə ittiham olunan şəxslər barəsində əksər hallarda həbs-qətimkan tədbirinin seçilməməsi nəzərdə tutulub. Əli İnsanovun törətmədiyi, ancaq əsassız və qanunsuz olaraq təqsirləndirildiyi əməllər də həmin kateqoriyaya aiddir. Buna görə də Əli İnsanov barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün müraciət etmişik”, - Toğrul Babayev bildirib.

Buna da bax: Əli İnsanovun həbs müddəti artırıldı

Hakim Fuad Hüseynov vəsatəti təmin etməyib.

Əli İnsanovun ev dustaqlığına buraxılmasından imtina qərarını qanunsuz və əsassız sayan Toğrul Babayev apellyasiya şikayəti veriləcəyini bildirib: “Bu qərarla məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərini və prezidentin sərəncamını pozdu”.

Xatırlatma

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə suçlanaraq, 11 il həbs cəzası alıb. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda ona yenidən cinayət işi açılıb. Keçmiş nazir bu dəfə həbsxana əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir və yeni cinayət işinin də onu həbsdən buraxmamaq məqsədilə dövlət başçısının sifarişi ilə açıldığını bildirir.