'Avropa Birliyi QHT-lərə dəstəyi davam etdirəcək'

Christian Danielson

“2007-2016-cı illər ərzində Avropa Birliyi (AB) fondlarından Azərbaycana 200 milyon avroya yaxın vəsait ayrılıb. AB Azərbaycanın ən böyük xarici donorudur. Bu, hökumətə və vətəndaş cəmiyyətinə qrant şəklində verilən dəstəkdir, bizim dialoqun və əməkdaşlığın əsas elementidir”.

Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissiyasının baş direktoru Kristian Danielson (Christian Danielson) belə deyib.

Buna da bax:​ Azərbaycan rəsmiləri AB elçilərini qəbul edib

Onun sözlərinə görə, AB-nin dəstəyi ölkə iqtisadiyyatının inkişafına, institusional və digər islahatlara yönəlib.

Birlikdə çox şey əldə edə bilərik

Əməkdaşlığın hansı istiqamətlərinin daha uğurlu olmasına, hansı sahələrdə isə ümidlərin doğrulmamasına gəlincə, Kristian Danielson bunları deyib:

“Əminəm ki, birlikdə daha çox şey əldə edə bilərik. Məsələn, Azərbaycandakı tərəfdaşlarımızla AB ölkələrində, xüsusən Mərkəzi Avropanın yeni üzv dövlətlərində iqtisadiyyatın transformasiyası təcrübəsini bölüşə bilərik. Həmçinin təhlükəsizlik, miqrasiya və iqtisadi inkişaf sahəsində qlobal problemlərin həllində əməkdaşlıq edə bilərik. Ümid edirəm ki, investisiyalar, xüsusən nəqliyyat sahəsində daha çox əməkdaşlıq edə bilərik”, o, deyib.

Buna da bax:​ Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

Kristian Danielson AB-nin Azərbaycanın böyük ticarət tərəfdaşı və böyük investoru olduğunu vurğulayıb.

“Avropa Birliyinin 300-ə yaxın şirkəti Azərbaycanda təmsil olunub. onlar birbaşa xarici investisiyaların mühüm mənbəyidir”.

Kristian Danielson əmin olduğunu vurğulayıb ki, AB-nin dəstəyi və dialoqlar Azərbaycanda islahatların həyata keçirilməsində mühüm rol oynaya bilər.

Buna da bax:​ Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

Hüquq müdafiəçilərinin dəstəklənməsi

O, vətəndaş cəmiyyəti, QHT-lərin durumu ilə bağlı gözləntilərini də dilə gətirib.

“Vətəndaş cəmiyyəti iqtisadi, sosial və mədəni inkişafdan ötrü mühüm amildir. Bu, təkcə Azərbaycana deyil, AB-yə də aiddir. Buna görə AB ölkədə vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin geniş spektrini dəstəkləməkdan ötrü onda olan bütün alətlərdən istifadəni davam etdirəcək”.