Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova sabiq səhiyyə nazirli Əli İnsanovun əmlakının qaytarılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qətnaməsini ləğv edib.
“Bu qətnamə ilə Əli İnsanovun əmlakının Azərbaycan prezidentinin köməkçisi Tariyel Ağayevin əlinə keçməsinə hüquqi əsas yaradıldı”.
Bunu sabiq səhiyyə nazirinin vəkillərindən Toğrul Babayev bildirib.
Buna da bax: Əli İnsanov apellyasiya şikayəti verib
Məhkəmə qərarının ötən həftə sonu çıxarıldığını deyən vəkilin sözlərinə görə, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edildikdən sonra prezidentin köməkçisi Tariyel Ağayev onun əmlakını saxta yolla qızı Vəfa Əlizadənin adına rəsmiləşdirib. Həmin əmlak da sonra satılıb.
“Nəsimi Rayon Məhkəməsi Tariyel Ağayevin düzəltdiyi sənədlərin saxta olduğunu əsas gətirərək onun qanunsuz yolla ələ keçirdiyi əmlakın Əli İnsanova qaytarılması barədə qətnamə çıxarmışdı ”, - T.Babayev qeyd edib. Vəkil daha sonra sabiq nazirin mövqeyini çatdırıb:
“Əli İnsanov hesab edir ki, Tariyel Ağayev və hakim Xuraman Məhərrəmovanın bu hərəkətləri cinayət əməlləridir”
Buna da bax: Prezident köməkçisinin ailəsinə 25 milyon pul lazımdır
O, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcəyini bildirib.
Məhkəmənin bu qərarı ilə bağlı, qarşı tərəf isə hər hansı açıqlama yaymayıb.
Nəsimi Rayon Məhkəməsi 2015-ci ilin mayında Vəfa Əlizadənin Əli İnsanovun mülkiyyətində olan qarajın əldə etməsi əvəzi 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Məhkəmənin qətnaməsi icra olunmayıb.
Ə.İnsanovun vəkilləri “Dekabank”da V.Əlizadənin səhmlərinin olduğunu əsas gətirərək qərarın icrasını təmin etmək məqsədilə onların üzərinə həbs qoyulmasından ötrü məhkəməyə müraciət edib. Məhkəmənin bu barədə qərardadı da icra olunmayıb.
Buna da bax: Əli İnsanovun həbs müddəti artırıldı
Xatırlatma
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.
2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında sabiq nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Ə.İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.
Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi
Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb.Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Hüquq- müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyır.