Keçmiş səhiyyə naziri Əli İnsanovun həbs müddətinin artırılmasını nəzərdə tutan qərardan apellyasiya şikayəti verilib.
Bu barədə APA-ya məlumat verən vəkil Toğrul Babayev bildirib ki, şikayət yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
Şikayətdə Qaradağ Rayon Məhkəməsi yanvarın 10-da Əli İnsanovla bağlı çıxardığı qərarın ləğv edilməsi istənilir.
Buna da bax: Əli İnsanovun həbs müddəti artırıldı
Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Vəzifə səlahiyyətini aşma, mənimsəmə və başqa ağır cinayətlərdə ittiham edilən keçmiş nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.
Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - ötən il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.
Buna da bax: Cəmil Həsənli Əli İnsanovu müdafiə etdi
Qaradağ Rayon Məhkəməsi avqustda keçmiş səhiyyə nazirinin məhkəməyə qədər 3 ay həbsdə tutulmasına qərar vermişdi. Həmin qərarda qeyd edilirdi ki, Ə. İnsanov xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoruna zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.
Ötən ilin noyabrında onun həb müddəti yenidən uzadılmışdı.
Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.
Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi
Qaradağ Rayon Məhkəməsi yanvarın 10-u Əli İnsanovun həbs müddətini daha 2 aylığa uzadıb.