İcbari tibbi sığortadan xəbər var

Aptek.

Prezident İlham Əliyev dekabrın 28-də Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlərlə bağlı fərman imzalayıb.

Ölkə başçısının fərmanı ilə adıçəkilən regionlarda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə və layihənin həyata keçirilməsi üzrə tədbirlər planı təsdiqlənib.

Pilot layihə Mingəçevir və Yevlax ərazisinə şamil olunmaqla 2017-cı il yanvarın 1-də başlayacaq və 2018-ci il fevralın 1-də başa çatacaq.

Buna da bax:​ Aztəminatlılar icbari tibbi sığorta ödənişindən azad olunur

Layihə çərçivəsində 13 fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı, tarifləri, baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.

Eyni zamanda, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə qurumlarının həyata keçirməsi mümkün olmayan, ancaq baza zərfinə daxil edilən xidmətlərin siyahısı da müəyyənləşdirilib

Buna da bax: 17 ildən sonra tibbi sığortaya start verildi - cəmi 2 rayonda [video]

Fərmana görə, tibbi sığorta agentliyi iki ay ərzində icbari tibbi sığortanın maliyyələşmə mənbələri ilə bağlı təkliflər hazırlayıb prezidentə təqdim etməlidir.

Prezident İlham Əliyev, hələ, 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, bu il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Bu il tibbi sığorta paketi də təsdiqlənib.

Buna da bax:​ Xəstələnsən, nəyi sığorta ödəyəcək?

İcbari tibbi sığorta paketinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Ancaq bir çox xəstəliklərin müayinə və müalicəsi bura daxil edilməyib. Söhbət onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən gedir.

Bu həmin xəstəliklərlə bağlı dövlət proqramlarının olması ilə izah edilir.