Teletənqidçinin apelyasiya şikayəti təmin olunmadı

Qulu Məhərrəmli

-

Jurnalist və teletənqidçi Qulu Məhərrəmli ilə vaxtilə AzTV-də birlikdə çalışdığı, hazırda isə İTV-nin informasiya departamentinin rəhbəri olan Rauf Rəcəbov arasında məhkəmə çəkişməsi davam edir.

Qulu Məhərrəmli Rauf Rəcəbovun "7news.az" saytında onun barəsində yazdığı məqaləyə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Onun CM-nin 147 və 148-ci (böhtan və təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını istəyir.

“İDDİAMIZ İCRAATA GÖTÜRÜLSƏYDİ...”

Amma Nəsimi Rayon Məhkəməsi Qulu Məhərrəmlinin xüsusi ittiham qaydasında qaldırdığı bu iddianı icraata qəbul etməkdən imtina edib. Qərarda qeyd olunub ki, Rauf Rəcəbovun əməlində cinayət tərkibi yoxdur. Teletənqidçi bu qərardan apellyasiya şikayəti verib. İyulun 25-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Qulu Məhərrəmlinin vəkili İlham İbadov deyir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı əsassızdır: "Rauf Rəcəbovun hazırladığı materialda cəmiyyətdə kifayət qədər tanınmış şəxs olan Qulu Məhərrəmli barəsində "yaltaq", "nankor" və digər təhqiramiz ifadələr işlədilib, o, plagiatda, reklam gəlirlərini mənimsəməkdə ittiham olunub. Məhkəmə qərarında qeyd olunub ki, guya, biz Rauf Rəcəbovun Qulu müəllimin şərəf və ləyaqətini təhqir etmək istəyini təsdiqləyən heç bir sübut ortaya qoymamışıq. Məhkəmə iddiamızı icraata qəbul edəydi, psixoloji ekspertiza keçirəydi, müəyyənləşdirəydi ki, Rəcəbov yazdıqlarını dərk edir, yoxsa yox".

“DÜŞMƏNÇİLİK YOXDUR”

Rauf Rəcəbovun vəkili Elnur Quliyev isə onun kimsənin şərəf və ləyaqətini təhqir etmədiyini, böhtan atmadığını bildirib. Qeyd edib ki, qərar əsaslıdır və qüvvədə saxlanılmalıdır: "Tərəflər arasında düşmənçilik yoxdur. Hər ikisi vaxtilə AzTV-də işləyib. Qulu Məhərrəmli orada çalışdığı dövrdə AzTV barədə ancaq xoş sözlər deyirdi, amma kənarlaşdırılandan sonra kollektiv haqqında aşağılayıcı ifadələr səsləndirib. Bu da həmin kollektivin üzvü olmuş Rauf Rəcəbova xoş gəlməyib".

Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyilə bağlı müsahibəsindən sonra onunla AzTV sədri Arif Alışanov arasında böyük qalmaqal başlayıb. Telekanallarda və digər media orqanlarında Qulu Məhərrəmlinin əleyhinə materiallar yayımlanıb. Arif Alışanov Qulu Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması və ondan 100 min manat təzminat tutulması barədə ayrı-ayrılıqda iki məhkəmə iddiası qaldırıb.