Mənzil İnşaat Dövlət Agentliyi yaradıldı

Foto illüstrasiya

-

Dövlət başçısı İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, prezidentin fərmanı ilə MİDA-nın əsasnaməsi və onun strukturu təsdiq edilib. Agentliyik işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

“MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Qanunu ilə müəyyən olunan qaydada müsabiqə yolu ilə seçilir.

Nazirlər Kabinetinə yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla), ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin “MİDA” MMC-nin sərəncamına verilməsini təmin edilməsi tapşırılır.

Fərmana əsasən, “MİDA” MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək obyektlərin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

MİDA MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində dövlət başçısına təqdim etmək tapşırılıb.